...

Bakıda informasiya təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub

Cəmiyyət Materials 7 May 2015 16:47 (UTC +04:00)
Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının sosial şəbəkədə və mediada təbliği” mövzusunda ictimai müzakirə keçirib.
Bakıda informasiya təhlükəsizliyinin təminatı məsələləri  müzakirə olunub

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının sosial şəbəkədə və mediada təbliği" mövzusunda ictimai müzakirə keçirib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov yeni medianın inkişaf etdiyi bir vaxtda informasiya təhlükəsizliyinin, dövlət sirrinin qorunmasının son dərəcə vacib olduğunu bildirib.

O, qeyd edib ki, Qərbin ikili standartları Birinci Avropa Oyunları ərəfəsində daha çox hiss olunur və hətta bir kampaniya həyata keçirirlər: "Bu məqamda informasiya təhlükəsizliyini diqqətdə saxlamalıyıq. Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir, buna görə də dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev qeyd edib ki, informasiyanın toplanması ilə yanaşı, onun qorunması sahəsində də vacib tədbirlər görülməlidir: "Ölkəmizdə söz azadlığı ilə informasiya təhlükəsizliyi paralel inkişaf edən sahədir. 2004-cü ildə "Dövlət sirri haqqında", 2005-ci ildə isə "Məlumat əldə etmək azadlığı haqqında" qanunlar qəbul edilib. 2000-ci illərin əvvəlində internetin daha çox azad olmasına fikir verirdik. Bu gün isə informasiya azadlığı daha çox gündəmə gəlib. Dövlət siyasətində informasiya siyasəti xüsusi önəm kəsb edir. Son beş ildə bu məsələ ilə bağlı Prezident İlham Əliyev 5-dən çox sərəncam imzalayıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması bu sərəncamların nəticəsidir".

E.Paşayev əlavə edib ki, bu istiqamətdə verilən sərəncamlarda müvafiq qurumların üzərinə informasiya təhlükəsizliyi ilə bağlı vəzifələr qoyub: "Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da bu istiqamətdə üzərinə düşən məsuliyyəti nəzərə alaraq bu cür tədbirlər keçirilir. Lakin informasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil, bu işdə hər birimiz məsuliyyət daşıyırıq".

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfael Becanov ötən əsrin 90-cı illərində senzura ləğv ediləndən sonra informasiya təhlükəsizliyi məsələsinin gündəmə gəldiyini deyib: "Bu gün internetin inkişafı problemi daha da aktuallaşdırıb. Bəzən jurnalistlər sensasiya naminə müəyyən pozuntulara yol verirlər. Bu məsələ zaman-zaman müxtəlif ölkələrdə tənzimlənən məsələ olub. Araşdırmalara görə, 2014-cü ildə dünyada informasiya təhlükəsizliyi xərcləri 71.1 milyard dollar, 2015-ci ildə isə 76.1 milyard dollara çatıb. Bu rəqəmlər bir daha məsələnin aktuallığını gündəmə gətirir. Ötən il avqust ayında mediada informasiya təhlükəsizliyinin nə qədər vacib olduğunu hiss etdik. İnformasiya təhlükəsizliyi toplumun təhlükəsizliyi üçün də aktualdır. Çünki bu məsələ ölkədə müxtəlif cərəyanların aktivləşməsinə səbəb olur. Bundan başqa, ayrı-ayrı fərdlərin də hüquqları pozulur. Bu məsələ QHT, medianın əsas prioritet mövzusu olmalıdır. Missiyalarımızdan biri də sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsidir. Bu istiqamətdə təkliflərin hazırlanması üçün iş aparırıq. İnformasiya təhlükəsizliyi məlumatın yayılmasının qarşısını almağı deyil, məlumatın yayılmasının dövlət, vətəndaş üçün təhlükəliliyini nəzərdə tutur".

Ölkədə informasiya təhlükəsizliyinə nəzarət edən qurumların olduğunu deyən R.Becanov bu sahədə maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Region Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev hazırda dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi üçün beş əsas cərəyanın olduğunu deyib. Onun sözlərinə görə, birinci cərəyan kibercinayətkarlıq, ikincisi, şəxsi məlumatlar, üçüncüsü, təchizatçılardan gələn təhlükə, dördüncüsü, şəxsi məlumatların iş informasiya ilə qarışdırılması, sonuncusu isə insan faktorudur: "Əksər hökumət idarələri, banklar bu barədə əməkdaşlarını məlumatlandırırlar. Amma praktik olaraq bu təhlükədən necə qorunmalı olduğumuzu bilmirik. Bunun üçün də hər bir işçidə təhlükəsizlik vərdişləri aşılanmalıdır".

R.Nurullayev, həmçinin mobil texnologiyalar - "ağıllı" telefonlar və planşetlər üzərindən gələn məlumatlar barədə də danışıb: "2017-ci ildən sonra informasiya təhlükəsizliyi daha da aktuallaşacaq. Buna görə də informasiyalarının təhlükəsizliyini təmin etmək istəyənlər nisbətən ucuz telefonlardan istifadə edəcəklər".

Tədbirdə, həmçinin bəzi KİV və QHT rəhbərləri, sosial şəbəkələrin aktiv istifadəçiləri çıxış ediblər. Sonda məsələnin əhəmiyyəti nəzərə alınaraq təkliflər planının hazırlanıb dövlətə təqdim edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti