...

İranda Azərbaycan dilində 24 saat yayımlanacaq telekanalın açılışına az qaldı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 May 2015 16:34 (UTC +04:00)
Hazırda İranda Azərbaycan dilində 24 saat yayımlanacaq televiziya kanalının açılışının astanasındayıq.
İranda Azərbaycan dilində 24 saat yayımlanacaq telekanalın açılışına az qaldı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlkin İzzət/

"Hazırda İranda Azərbaycan dilində 24 saat yayımlanacaq televiziya kanalının açılışının astanasındayıq. Bu kanal mayın 24-dən 24 saatlıq işə başlayacaq".

Trend xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan İranın Radio və Televiziya Təşkilatının xarici məsələlər üzrə sədr müavini Məhəmməd Əxgəri bu gün İranın Bakıdakı səfirliyində keçirilən mətbuat konfransında deyib.

M.Əxgəri bildirib ki, televiziya kanalının açılış mərasiminə Azərbaycanın bəzi rəsmi şəxsləri də dəvət olunub: "Onların arasında Prezident Administrasiyasının şöbə müdirinin müavini Ərəstun Mehdiyev, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, "Azərkosmos"un sədri Rəşad Nəbiyev və Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də var. Bu kanal müştərək tarixə və mədəniyyətə malik iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək. Azərbaycanın dövlət qurumları ilə əməkdaşlıq edə və müştərək televiziya proqramları hazırlaya bilərik".

O, qeyd edib ki, iki ölkənin mədəni, ictimai-siyasi, idman və s. sahələrində proqramlar yayımlanacaq.

Onun sözlərinə görə, bu, "Səhər Azəri" radio və televiziyası olacaq: "Bu kanalda Azərbaycan və region haqqında xəbərlər yayımlanacaq. Kanalın açılması ilə yanaşı, onun Bakıdakı nümayəndəliyini daha da fəallaşdırmaq istəyirik. Bundan sonra Azərbaycan haqqında daha geniş məlumatlar yayımlanacaq".

M.Əxgərinin sözlərinə görə, bu səfərin məqsədi iki ölkə arasında media arasında əlaqələrin daha da genişləndirilməsi, həmçinin təşkilatın sabiq sədrinin Bakıya səfərinin nəticələrini müzakirə etməkdir: "İran və Azərbaycanın media orqanları arasında əməkdaşlıq üçün böyük potensial var. İki ölkə arasında media sahəsində əməkdaşlığın detallarını müzakirə etmək üçün hər iki ölkədən işçi qrupunun təşkil olunması qərara alınıb. İşçi qrupu texniki sahədə, proqramların hazırlanması, iki ölkə arasında media sahəsində daha səmimi əməkdaşlığı təmin etməyə çalışacaq".

O, əlavə edib ki, Azərbaycan tərəfi ilə televiziya kanalına dəstək verilməsi məsələri müzakirə edilib: "Bu kanalın həm kosmik peyk, həm da yerüstü formada açıq yayılması mümkündür. Kanalın Azərbaycanın "Azerspace -1" kosmik peyki üzərindən yayımlanması barədə müzakirələr aparmışıq. Azərbaycanda bu kanalın açılmasına müsbət münasibət gördük. ATV kanalı ilə proqram mübadiləsi barədə müzakirələr apardıq".

Kanalın hələlik 20 nəfərlik işçi heyəti olacaq.

İran rəsmisi həmçinin əlavə edib ki, ölkəsində erməni dilində fəaliyyət göstərən televiziya kanalı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti