Azərbaycan, Bakı, 19 iyun /Trend/
İşıq pulunu ödəmədiyimiz üçün işığın kəsilməsi qanunidirmi? Bundan əvvəl vətəndaşa xəbərdarlıq olunmalıdırmı?
Yəqin ki, bir çoxlarımız bu problemlə qarşılaşırıq. Hətta bəzən binalarda belə məzmunlu elanlara rast gəlirik: "Əgər filan vaxtadək hər hansı bir sakin işıq borcunu ödəməsə, bütün bina sakinlərinin mənzillərinə verilən elektrik enerjisi kəsiləcək". Bəs bu məsələlərə qanun nə deyir?
Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası vəkil Dünyamin Novruzov Trend-ə bildirib ki, istifadə edilən enerjiyə görə ödənilməli olan pul məbləğinin əks olunduğu müvafiq bildirişi aldıqdan sonra istehlakçı həmin məbləği bir ay müddətində tam ödəmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırmaq hüququna malikdir ("Elektroenergetika haqqında" qanunun 11-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiqlənmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13.2-ci bəndi).
Hüquqşünas deyib ki, lakin enerji təchizatı müəssisəsi bu hüququnu həyata keçirərkən iki mühüm şərtə əməl etməlidir: "Birincisi, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməli, elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. İkincisi, elektrik enerjisinin verilməsi dayandırılmazdan əvvəl enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə yazılı bildiriş təqdim etməlidir. Yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır (Qanunun 11-ci maddəsi, "Qaydalar"ın 9.13-1-ci bəndi)".