...

Dövlət Komitəsi məcburi köçkünün özünü yandırması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 29 İyul 2015 12:35 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün Sahib Nəsirovun özünü yandırması ilə bağlı məlumat yayıb.
Dövlət Komitəsi məcburi köçkünün özünü yandırması məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün Sahib Nəsirovun özünü yandırması hadisəsi ilə bağlı məlumat yayıb.

Komitədən Trend-ə daxil olan məlumata qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 90 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 46 min ailə-230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Lakin buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olanların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Ümumilikdə Bakı şəhərində 216 min nəfər məcburi köçkün yaşayır. Bunların əksəriyyəti tikintisi yarımçıq qalmış binalarda, sanatoriyalarda, yataqxanalarda və digər obyektlərdə müvəqqəti olaraq məskunlaşıblar. Həmin məcburi köçkünlərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması Dövlət Proqramına əsasən mərhələli şəkildə həyata keçirilir.

Bütün bunlar barədə ölkənin kütləvi informasiya vasitələrində, müxtəlif televiziya kanallarında, Dövlətqaçqınkomun rəhbərliyinin qəbullarında məcburi köçkünlərə dəfələrlə məlumat verilməsinə baxmayaraq, çox təəssüflər olsun ki, bəziləri bu deyilənlərdən, xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə, mənzil əldə etmək üçün müxtəlif qeyri-qanunu yollara əl atırlar.

Bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna qələrək ona mənzil verilməsini tələb edib. Bundan sonra ona verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri yetirib.

Verilən məlumata görə, S.Nəsirov 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi -29 ünvanında özünəməxsus şəxsi evdə yaşayıb. 2015-ci ilin yanvar ayında həmin evi sataraq qonşuluqda kirayədə yaşayıb.

S.Nəsirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əvvəllər müraciət etməyib. Onun bu cür məsuliyyətsiz hərəkəti isə dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğıya kölgə salmaqdan başqa bir şey deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti