...

Nazir müavini: "Turizmin inkişaf ilə yanaşı, bu sahədə müxtəlif çətinliklər də ortaya çıxır"

Cəmiyyət Materials 8 Sentyabr 2015 12:56 (UTC +04:00)
“Turizm sahəsinin inkişaf etməsi ilə yanaşı, bu sahədə müxtəlif çətinliklər də ortaya çıxır. Onların aradan qaldırılması üçün nazirlik olaraq hər zaman öz dəstəyimizi verməyə hazırıq”.
Nazir müavini: "Turizmin inkişaf ilə yanaşı, bu sahədə müxtəlif çətinliklər də ortaya çıxır"

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Turizm sahəsinin inkişaf etməsi ilə yanaşı, bu sahədə müxtəlif çətinliklər də ortaya çıxır. Onların aradan qaldırılması üçün nazirlik olaraq hər zaman öz dəstəyimizi verməyə hazırıq".

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan Turizm Assosiasiyasında ölkədə turizmin inkişafı, qarşıda duran vəzifələr və mövcud problemlərin aradan qaldırılması məqsədilə keçirilən görüşdə çıxış edərkən deyib.

N.Səmədov bildirib ki, son illər bu sahədə xeyli işlər görülüb və turizm sektoruna dövlətin dəstəyi davam etməkdədir. Yeni turizm kompleksləri və hotellər tikilir, yeni marşrutlar yaradılır: "Bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində də işlər davam etdirilir. Elektron vizaların verilməsi istiqamətində müsbətə doğru addımlar atıldı".

Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov ilin ötən dövrü ərzində bu sahədə görülən işlər və turizm şirkətlərinin qarşılaşdığı problemlərdən söz açdı. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün AZTA-nın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı daha da gücləndirməsinin vacibliyi vurğulandı.

AZTA-nın xaricə göndərmə komitəsinin sədri Ayxan Əlləzli ölkədən gedən turistlərin bir sıra hallarda çətinliklərlə üzləşdiyini bildirdi, bu məsələlərin ayrı-ayrı şirkətlərin fəaliyyətindən qaynaqlandığını dedi. Qeyd olundu ki, assosiasiya müvafiq araşdırma apararaq ölkədə xaricə göndərmə ilə bağlı tövsiyə olunan turizm şirkətlərinin siyahısını ictimaiyyətə təqdim edəcək.

AZTA-nın gəlmə turizm komitəsinin sədri Murad Kərəmov ölkəmizə səfər edən turistlərə vizaların verilməsi və ekskursiyaların təşkili məsələlərinə toxundu. Bildirdi ki, gələn turistləri qəbul etmək, ölkəmizin təbliği və tanıdılması üçün kifayət qədər peşəkar bələdçilərə ehtiyac var. Bunun üçün ekskursiya bürolarının yaradılması da planlaşdırılır. Həmin bürolarda kurslara cəlb olunan işçilərə təcrübəli mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur.

Görüşdə turizm şirkətlərinin fəaliyyətində yarana biləcək risklərin aradan qaldırılması üçün turizm fondunun yaradılması da müzakirə olundu. Həmçinin ölkədəki mehmanxanaların fəaliyyəti, onların qarşılaşdığı çətinliklərdən bəhs olundu.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov səsləndirilən problemlərin aradan qaldırılması üçün müvafiq addımların atılacağını vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti