...

Son günlərdəki sürüşmələrə yağıntıların intensivliyi səbəb olub - Açıqlama

Cəmiyyət Materials 28 Oktyabr 2015 12:25 (UTC +04:00)
Son günlər Azərbaycanda baş vermiş sürüşmələrə yağıntıların intensivliyi səbəb olub.
Son günlərdəki sürüşmələrə yağıntıların intensivliyi səbəb olub - Açıqlama

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/

Son günlər Azərbaycanda baş vermiş sürüşmələrə yağıntıların intensivliyi səbəb olub. Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, baş verən bütün proseslər atmosfer amilidir. Q.Yetirmişli dağətəyi zonalardakı sürüşmələrin qorxulu olmadığını bildirib və əhalini təmkinli olmağa çağırıb: "Azərbaycanın dağətəyi yerlərində sürüşmələr tez-tez olur. Lerikdə, Yardımlıda, Şamaxı yolunun üstündə, elə Abşeronun özündə xeyli sürüşmə yerləri var. Vaxtı ilə dağüstü Şəhidlər Xiyabanının yaxınlığında, Badamdarın üstündə də sürüşmə gedirdi. Orada müəyyən bərkitmə tədbirləri görüldü və hazırda sözügedən ərazidə sürüşmə əlamətləri yoxdur. Ona görə də əhalinin narahatlığına əsas da yoxdur".

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığındakı yolda yaranmış çatlarla əlaqədar problemlərə toxunan baş direktor bildirib ki, adıçəkilən ərazidə aparılan bərkitmə işlərindən sonra sürüşmə dayanacaq.

Q.Yetirmişli bərkitmə işlərindən sonra ərazidəki ağacların sulanmasını minimuma endirməyi də tövsiyə edir: "Sürüşmələr və çatlar yaxın ərazidəki ağacların sulanması ilə də bağlıdır. Sular çatlarla süzülür və torpağı yuyur. Hazırda möhkəmləndirmə işləri aparılır".

Qeyd edək ki, dünən Lənkəran-Lerik şosesində yenidən sürüşmə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti