...

Azərbaycana yeni brend hotellər gətirilə bilər

Cəmiyyət Materials 17 Noyabr 2015 15:20 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda “iki”, “üç” ulduzlu yerləşdirmə obyektlərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə dünyaca məşhur brendlərin nümayəndələri ilə danışıqlar aparmağa başlayıb.
Azərbaycana yeni brend hotellər gətirilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda "iki", "üç" ulduzlu yerləşdirmə obyektlərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə dünyaca məşhur brendlərin nümayəndələri ilə danışıqlar aparmağa başlayıb.

Bunu Trend-ə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Nazir müavinin sözlərinə görə, nazirlik tərəfindən aparılan araşdırmalar Azərbaycanda istər gəlmə, istərsə də daxili turizmin həcminin artması üçün 2 və 3 ulduzlu ekonom yerləşdirmə obyektlərinin sayının artırılmasına ehtiyacın olduğunu göstərib.

Bu obyektlərin artması istiqamətində həyata keçirilən işlər ölkəyə turist axınının səviyyəsini də artıracaq.

N.Səmədov əlavə edib ki, hər il ölkəmizə təşkil edilən birbaşa uçuşların sayı artır.

Nazir müavini hesab edir ki, bu istiqamətdə aparılan mütəmadi araşdırmalar ölkəmizdə istər getmə, istərsə də gəlmə turizmə öz töhfəsini verən beynəlxalq uçuşların dinamik inkişafına şərait yaradır: "Bununla əlaqədar, ölkəmizə gələn xarici vətəndaşların sayına müsbət təsir etmək məqsədilə gəlmə turizmin imkanları baxımından prioritet olan və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları və bir sıra digər göstəricilər nəzərə alınmaqla, müvafiq uçuş aksiyalarının hazırlanması və həyata keçirilməsinə dair danışıqlar aparılır".

N.Səmədov qeyd edib ki, ölkəmizə gələn xarici turistlərin sənədləşdirmə işlərinin asanlaşdırılması və turist axınının gücləndirilməsi məqsədilə ölkəmizdə 2013-cü ilin mart ayından etibarən elektron viza sistemi tətbiq edilib: "Bu sistem bütün viza prosedurlarının elektron formata yönəldilməsi məqsədilə tərtib edilib. Hazırda tərəfimizdən elektron vizaların verilmə müddətinin azaldılması istiqamətində müvafiq addımlar atılmaqdadır. Bütün bunlarla yanaşı, nazirlik mütəmadi olaraq turizm sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, kadrlara olan tələbatın müəyyənləşdirilməsi və təmin edilməsi, turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və s. istiqamətdə islahatların həyata keçirilməsini təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti