...

Turizm Assosiasiyası: Bakı-Budapeşt aviabiletlərinin qiymətinin 39,99 avro ilə təqdim edilməsi reklamdır

Cəmiyyət Materials 20 Noyabr 2015 13:54 (UTC +04:00)
Bakıdan Budapeştə birtərəfli gediş üçün aviabiletlərin qiymətinin 39,99 avro ilə təqdim edilməsi reklamdır və bu, aksiya qiymətidir.
Turizm Assosiasiyası: Bakı-Budapeşt aviabiletlərinin qiymətinin 39,99 avro ilə təqdim edilməsi reklamdır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bakıdan Budapeştə birtərəfli gediş üçün aviabiletlərin qiymətinin 39,99 avro ilə təqdim edilməsi reklamdır və bu aksiya qiymətidir. Çünki bütün təyyarənin 39 avroluq biletlə sərnişinlə doldurulması mümkün deyil".

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov "Wizz Air" aviaşirkətinin Bakıdan Budapeştə uçuşların qiymətini 3 dəfəyədək bahalaşdırması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

N.Bağırov deyib ki, əgər bu istiqamət üzrə bütün aviabiletlərin qiyməti 40 avroya olarsa, onda 160 nəfərlik təyyarədə ucuş biletlərinə görə 4000-5000 avro ödəniş edilir: "Bu qiymət isə maya dəyərinin heç 20 faizi etmir. Onda bu, necə olur? 39,99 avro reklam xarakterli qiymətdir. İlk satış başlayanda 4-5 yeri bu qiymətə satırlar, ondan sonra isə qiymətlər dərhal qalxır. Deyəndə ki, qiymət niyə bahadır? Cavab verilir ki, təyyarədə 40 avroluq yerlər qalmayıb. Kim bilsin ki, həmin yerlər nə qədərdir?"

Belə aksiyanın keçirilməsini reklam hesab edən N.Bağırov əslində, biletlərin 40 avro deyil, 100 avrodan da baha qiymətə satıldığını deyib.

Xatırladaq ki, bu il oktyabrın 28-də "Wizz Air" və "Ground Handling Company" arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində birtərəfli gediş üçün biletlərin qiymətinin 39,99 avro olacağı bildirilmişdi. Ancaq verilən məlumatlara görə, qiymətlər 3 dəfəyədək bahalaşaraq 109,99 avroya yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti