...

Azərbaycanda sərxoşluğun fəsadları

Cəmiyyət Materials 2 Dekabr 2015 08:00 (UTC +04:00)
Dünyada hər il təxminən 2,3 milyon nəfər alkoqollu içkilərin qəbulu nəticəsində dünyasını dəyişir. Bu isə dünyada baş verən bütün ölüm hallarının 3,8%-ni təşkil edir.
Azərbaycanda sərxoşluğun fəsadları

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyada hər il təxminən 2,3 milyon nəfər alkoqollu içkilərin qəbulu nəticəsində dünyasını dəyişir. Bu isə dünyada baş verən bütün ölüm hallarının 3,8%-ni təşkil edir.

Alkoqollu içkilərin istehlakı adambaşına düşən gəlirlərin səviyyəsinin daha yüksək olduğu ölkələrdə daha çox qeydə alınır.

ÜST: Azərbaycanda bir nəfərin içdiyi alkoqollu içkilərin 63 faizi araq olur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-cü ildə açıqladığı statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı insanlar arasında bir nəfərin içdiyi alkoqollu içkilərin 63 faizi araq, 29 faizi pivə, 8 faizi şərabdır. Ölkədə 15 yaşdan yuxarı hər bir nəfər kişiyə 6,1 litr, qadına 3,6 litr, hər iki cins üzrə 5,2 litr alkoqollu içki düşür. Kişilərin 25,1 faizi, qadınların 51,4 faizi, hər iki cinsin 38,7 faizi heç vaxt alkoqollu içki içməyib.

ÜST-nin 2012-ci ilin məlumatına istinadən verdiyi son statistikaya əsasən, ölkədə 15 yaşdan yuxarı hər 100 min nəfər əhali arasında alkoqollu içkinin qəbulu nəticəsində böyrəkdə yaranan problemlə əlaqədar kişilər arasında baş verən ölüm hallarının sayı 37,4 (hər 100 min nəfərə görə), qadınlar arasında isə 27,4-dür.

Azərbaycanda bir nəfər ildə təxminən 2 litr alkoqollu içki içir

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bütün ölkə üzrə bir ildə əhalinin hər bir nəfərinə (adambaşına) faktiki istehlak üçün 1,75 litr alkoqollu içki düşür.

Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Trend-ə bildirib ki, müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycanda alkoqollu içkilər həddindən artıq çox istehsal və istehlak edilir.

Onun sözlərinə görə, Azərbaycanda istehsal edilən alkoqollu içkilərin əksəriyyətinin üzərinə xarici ölkələrin məhsullarının etiketləri yapışdırılır. Həmin içkilərin tərkibində də insan orqanizmi üçün ziyanlı olan sivuş yağları var. Bu yağlar isə beyinə və gözlərə çox pis təsir edir: "Araq hazırlanarkən elə edilməlidir ki, onun tərkibində sivuş yağı qalmasın. Tut arağı hazırlananda onu 3 dəfə çəkirlər. Tut arağını ikinci dəfə çəkəndə 100 litr olursa, 3-cü dəfə çəkəndə, haradasa 70 litr qalır. Bu da istehsal edən şəxs üçün itkiyə səbəb olur, ona görə də içkinin tərkibində olan yağı təmiz çıxarmırlar".

Gənclərin hər 100 min nəfərindən 2-nə alkoqolizm diaqnozu qoyulub

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ildə Azərbaycanda (14-29 yaşlı) gənclərin hər 100 min nəfərindən 2-nə alkoqolizm diaqnozu qoyulub.

Səhiyyə Nazirliyindən isə Trend-ə bildiriblər ki, Azərbaycanda 2011-ci ildə 19 765, 2012-ci ildə 21 103, 2013-cü ildə 21 584 rəsmi qeydə alınmış alkoqolik olub. 2014-cü ildə Azərbaycanda ümumilikdə alkoqoliklərin sayı 22 278-ə yüksəlib.

Ölkədə qadın alkoqoliklərin də sayı artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış alkoqoliklərin 873-ü, 2013-cü ildə 891-i, 2014-cü ildə isə 901 nəfəri qadın olub.

Ölkədə 40 yaşdan sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1, 18-24 yaşlı 517, 25-29 yaşlı 1240, 30-34 yaşlı 1429, 35-39 yaşlı 1669, 40-44 yaşlı 2583, 45-49 yaşlı 3027, 50-54 yaşlı 3245, 55-59 yaşlı 3374, 60-64 yaşlı 2986, 65 yaşdan yuxarı 2207 nəfər alkoqolik var.

Alkoqoliklərin müalicəsi üçün onların özünün istəyinin olması lazımdır

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycanda alkoqoliklərin müalicəsi məcburi deyil, könüllü şəkildə aparılır. Buna görə də alkoqoliklərin müalicəsinin aparılması üçün onların özlərinin istəyinin olması vacibdir. Azərbaycanda alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

Sosioloq, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, alkoqoliklərin sayının artmasında iki faktor mühüm rol oynaya bilər. Onlardan biri əvvəlki dövrlərdə statistik rəqəmlərin düzgün hesablanmaması ilə bağlı ola bilər. Digər amilin isə insanların ictimai, sosial, psixoloji vəziyyətlərindəki gərginliklə bağlı olması mümkündür: "İnsanların bir qrupu mənəvi yollarla özünə rahatlıq tapırsa, digər qrupu ancaq alkoqollu içkilər içməklə sakitlik tapır. Azərbaycanda insanlar üçün mənəvi faktorlar arxa plana keçməkdədir. Maddiyyat önə keçdikdə isə cəmiyyətdə gərginlik artır. Ona görə də Azərbaycanda bu bəlanın daha da genişlənməsinə imkan verməməyə çalışmaq lazımdır".

İçkilərdən zəhərlənənlər arasında cavan qadınlar da olur

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, Azərbaycanda spirtli içkilərin qəbulu nəticəsində yaranan zəhərlənmə ilə əlaqədar mərkəzə il ərzində 50-60 müraciət daxil olur. Müraciət edənlərin çoxunu kişilər təşkil etsə də, onların arasında cavan qadınlar da olur. Qadınlar, əsasən, tərkibində spirtin çox da olmadığı içkilərin qəbulu nəticəsində zəhərlənirlər.

A.Maqsudov deyib ki, cavan qadınlar onlara tibbi yardım göstərildikdən sonra xəstəxanada qalmaq istəmədiklərindən evə buraxılırlar. Kişilər isə mərkəzə daha çox huşsuz vəziyyətdə təcili tibbi yardım maşınları tərəfindən gətirilirlər.

Azərbaycanda sərxoşlar tərəfindən törədilən cinayətlərin sayı azalıb

Azərbaycanda sərxoş şəxslər tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin sayı azalıb. Rəsmi statistik məlumatlara əsasən, 2014-cü ildə sərxoş şəxslər tərəfindən 60 yol-nəqliyyat hadisəsi törədilib. 2013-cü ildə belə halların sayı 80, 2012-ci ildə isə 98 olub.

Bununla yanaşı, sərxoş şəxslər tərəfindən törədilən cinayət əməllərinin sayında da azalma müşahidə ediıir.

Azərbaycanda 2012-ci ildə cinayət törədənlərin 603-ü, 2013-cü ildə 602-si, 2014-cü ildə isə 593-ü sərxoş vəziyyətdə olub. 2014-cü ildə 14-18 yaşlı uşaqlar tərəfindən cinayətlərin 9-u sərxoş vəziyyətdə törədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti