...

Azərbaycanda turistlərin hüquqlarının müdafiəsi üçün qanunvericilik təkmilləşdiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2015 17:42 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini təklif edir.
Azərbaycanda turistlərin hüquqlarının müdafiəsi üçün qanunvericilik təkmilləşdiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini təklif edir.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə bildirib ki, "2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası" layihəsində ölkəmizdə turizm sənayesinin sürətli inkişafının təmin edilməsi məqsədilə bu sahədə gender və əlillərlə bağlı məsələlər, turizm məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və bir sıra digər mühüm məsələlərə dair təkliflər öz əksini tapıb.

Nazir müavini qeyd edib ki, sözügedən strategiya Azərbaycanda turizm sənayesinin müxtəlif sahələrini əhatə edir. Yeni sənəd layihəsi bu sahədə xidmət keyfiyyətinin yüksəldilməsi, peşəkar kadr hazırlığının təkmilləşdirilməsi, turizm sahəsində idarəetmə və əməkdaşlığın beynəlxalq təcrübəyə əsaslanması, effektiv marketinq siyasətinin tətbiqi və bu istiqamətdə müasir kommunikasiya vasitələrindən istifadənin əhəmiyyəti, uğurlu turizm məhsulunun yaradılması və düzgün təbliğ edilməsi və bir sıra digər məsələlər barədə mühüm tövsiyələri də əks etdirir.

N.Səmədov əlavə edib ki, ölkəmizdə turizm sənayesinin inkişafı üçün əlverişli mühitin mövcudluğu ölkəmizin yer aldığı beynəlxalq reytinqlərdə də özünü göstərir: "Məsələn, Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda ölkəmiz turizm sahəsində əlverişli biznes mühiti göstəricisinə görə 141 ölkə arasında 65-ci yeri tutub. Azərbaycan bu göstəriciyə əsasən bir sıra inkişaf etmiş Avropa ölkələrini də geridə qoymağa nail olub. Buna baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi olaraq hazırladığımız və qəbul etdiyimiz inkişaf strategiyalarında bu mühitin yaxşılaşdırılması məqsədilə müvafiq planlaşdırma elementlərini mütləq nəzərə alır, gələcəkdə bu istiqamətdə görüləcək işlərə dair planları əks etdiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti