...

Paris Sorbon Universiteti-Əbu Dabidə "SABAH" proqramının müəllim heyəti üçün təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2016 15:21 (UTC +04:00)
2006-cı ildə təsis edilmiş Paris Sorbon Universiteti-Əbu Dabidə cari ilin 9-13 fevral tarixlərində Azərbaycan Təhsil Nazirliyinin yaratdığı "SABAH" (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir.
Paris Sorbon Universiteti-Əbu Dabidə "SABAH" proqramının müəllim heyəti üçün təlimlər keçirilir (FOTO)

Bakı. Trend:

2006-cı ildə təsis edilmiş Paris Sorbon Universiteti-Əbu Dabidə cari ilin 9-13 fevral tarixlərində Azərbaycan Təhsil Nazirliyinin yaratdığı "SABAH" (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən Trend-ə verilən məlumata görə, cari ilin 9 fevral tarixində təlimlərin rəsmi açılışı baş tutub. Universitetin rektoru professor Erik Fuaşın dəvəti ilə açılış mərasiminə qatılan Azərbaycan səfiri Daşqın Şikarov rektorun qısa nitqindən sonra etdiyi çıxışda universitetin rəhbərliyini və "SABAH" proqramının iştirakçılarını salamlayaraq, məsuliyyətli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Dəvətə görə E.Fuaşa təşəkkürünü bildirən D.Şikarov Sorbon Universitetinin zəngin, qədim tarixindən və ənənələrindən geniş bəhs edib, bu möhtəşəm ali təhsil ocağının oturuşmuş təcrübəsi sayəsində beynəlxalq təhsil bazarında öz layiqli yerini tutduğunu qabardıb.

Səfir çıxışında təhsilin hər bir ölkə və xalqın gələcəyi olduğunu əsas tutaraq, qloballaşan dünyada keyfiyyətli təhsil sistemlərini və metodologiyaları mənimsəmək imkanlarının daha da genişləndiyini xüsusilə qeyd edib, bu xüsusda, tədbir iştirakçılarının diqqətini Azərbaycanda təhsilə verilən xüsusi önəmə yönəldib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərara uyğun olaraq 2007-2015-ci illərdə Xaricdə Təhsil Proqramının təsis edildiyini xatırladan D.Şikarov bu proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlətin hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunduqlarını və təhsil aldıqlarını nəzərə çatdırıb, Azərbaycanda digər xarici qabaqcıl təhsil müəssisələri ilə yanaşı, Bakı Fransız Liseyinin də fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 10 il ərzində istər ölkə daxilində, istərsə də xaricdə minlərlə məktəbin inşa edildiyi vurğulanıb.

Bütün bunları nəzərə alan səfir Paris Sorbon Universiteti-Əbu Dabinin "SABAH" proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının professor-müəllim və tələbə heyətləri ilə təqdir etdiyi praktiki əməkdaşlığını bundan sonra da davam etdirəcəyini, inkişafda olan qüdrətli ölkəmizin təhsil sisteminə öz dəyərli töhfələrini verəcəyini diləyib və Azərbaycan səfirliyinin bu işdə yaxından iştirak etməyə hazır olduğunu dinləyicilərin diqqətinə çatdırıb.

Çıxışının ardınca E.Fuaş Azərbaycan səfirinə universitetin xatirə hədiyyəsini təqdim edib. Dəf, tar və saz ifaçılarından ibarət musiqi triosunun, eləcə də əlində nar saxlayan azyaşlı qızın əks olunduğu rəsm əsəri rektora təqdim edilib.

Bundan sonra Azərbaycan Təhsil Nazirliyinin "SABAH" Qruplarının Müəllimləri ilə iş üzrə rəhbəri, Elm və ali təhsil şöbəsinin müdiri İlhamə Rəhimova nitq söyləyib, universitetin MDB ölkələri (Ermənistan çıxmaq şərtilə) ilə iş üzrə müşaviri İmran Muxtarov ikitərəfli əməkdaşlığa dair geniş təqdimatla çıxış edib.

Daha sonra universitetdə tanışlıq gəzintisi təşkil edilib, kollektiv xatirə şəkili çəkilib və kokteyl ziyafəti düzənlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti