...

Bakı Metropolitenində talassemiyalı xəstələrə qan verildi (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2016 16:43 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ehtiyacı olan insanların köməyinə çatmaq üçün ənənəvi qanvermə aksiyası keçirilib.
Bakı Metropolitenində talassemiyalı xəstələrə qan verildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Fevralın 10-11-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində ehtiyacı olan insanların köməyinə çatmaq üçün ənənəvi qanvermə aksiyası keçirilib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurumun sözçüsü bildirib ki, tədbirin təşkilində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir: "Bu proses Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstəyin təzahürüdür. Könüllülük prinsipi ilə təşkil edilən bu aksiyada metropoliten işçiləri də yüksək həvəslə iştirak ediblər. Qan vermək üçün müraciət edənlərin rahatlığını təmin etmək məqsədilə tədbir iki gün ərzində təşkil olunub. Əvvəlcə müəssisənin texnoloji korpusu və idarə aparatı binasında, bu gün isə "Nərimanov" elektrik deposunda keçirilib".

N.Paşayev deyib ki, könüllülük prinsipi ilə keçiriən aksiyada metropolitenin 320 əməkdaşı qan verib. Onlardan 160 nəfəri idarə aparatında təşkil edilən tədbirdə, 170 nəfəri isə "Nərimanov" elektrik deposunda qan verib. Aksiya zamanı Bahadur Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq onlardan qan analizi götürülüb. Yığılan qan ehtiyatı isə yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti