...

Vüqar Rəhimzadə: IV Qlobal Bakı Forumu insanları qarşılıqlı əməkdaşlıq, sülh və sabitlik ətrafında birləşdirir

Cəmiyyət Materials 11 Mart 2016 18:01 (UTC +04:00)
Artıq uzun illərdir yürüdülən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan dünya birliyinə sürətli inteqrasiya prosesi keçib.
Vüqar Rəhimzadə: IV Qlobal Bakı Forumu insanları qarşılıqlı əməkdaşlıq, sülh və sabitlik ətrafında birləşdirir

Bakı. Trend:

"Artıq uzun illərdir yürüdülən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan dünya birliyinə sürətli inteqrasiya prosesi keçib. Paytaxtımızda keçirilən IV Qlobal Bakı Forumu bu reallığı bir daha nümayiş etdirir. Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentlərinin qatıldıqları, 53 ölkədən 300-dən çox nümayəndənin iştirak etdiyi bu beynəlxalq tədbir bir daha ölkəmizin əhəmiyyətini ortaya qoyur. "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə edilib. Həmçinin enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də xüsusi diqqət mərkəzində olub". Bu sözləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, ölkəmiz tarixən müxtəlif dinlərin qovuşduğu, ayrı-ayrı millətlərin mehriban və sülh şəraitində yaşadığı məkan olub: "Bu kimi dəyərlər Azərbaycanın dünyada multikultural, tolerant ölkə kimi tanınmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan regionda və beynəlxalq aləmdə mehriban qonşuluq siyasəti yürüdür, siyasi, iqtisadi, mədəni və s. sahələri əhatə edən gözəl təşəbbüslərin müəllifi kimi çıxış edir. Məhz bu amillər dünyada sülh və təhlükəsizliyin təminatına töhfədir. Bütün bunları nəzərə alan xarici ölkələrin dövlət və hökümət başçıları, dünya şöhrətli siyasi xadimlər, elm adamları məhz Bakıda toplaşaraq bəşəriyyəti narahat edən problemləri, qlobal məsələləri müzakirə edirlər".

"İki sahil" qəzetinin baş redaktoru qeyd edib ki, sivilizasiyalar, mədəniyyətlər arasında zəngin ənənələri olan Azərbaycan bu kimi tədbirlərin keçirilməsi üçün ideal ölkədir: "IV Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitədir. Gündəlikdən də göründüyü kimi, kifayət qədər ciddi məsələlərin müzakirə edildiyi Forumda Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev çıxış edərək bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, Forum iştirakçıları vahid məqsəd-əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşiblər".

V.Rəhimzadənin sözlərinə görə, bu gün dünyada terrorizmə qarşı mübarizə diqqət yetirilən ən əsas məsələlərdən biridir: "Bir çox ölkələr kimi, Azərbaycan da 20 ildən artıqdır ki, bu bəşəri bəladan əziyyət çəkir. İşğalçı Ermənistan ölkəmizin 20 faiz ərazisini zəbt edib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ancaq dünya ictimaiyyəti hələ də bu ədalətsizliyə göz yumur. BMT və digər beynəlxalq təşkilatların bu işğal faktı ilə bağlı qəbul etdikləri qətnamələrin icrası həyata keçirilmir. Ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. "Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür" deyən dövlətimizin başçısı XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalının və danışıqlar prosesinin əngəllənməsinin tamamilə anormal hal olduğunu diqqətə çatdırıb".

Baş redaktor əlavə edib ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal layihələr dövlətlər, xalqlar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsini zərurətə çevirir: "Bu sırada enerji layihələrinin xüsusi çəkisi var. Hazırda bütün dünyanın diqqət mərkəzində olan "Cənub Qaz Dəhlizi" Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindəndir. Forumda çıxışı zamanı "Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq" deyən möhtərəm Prezidentimiz İlham Əliyev vurğulayıb ki, biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq".

V.Rəhimzadə onu da bildirib ki, Forumda çıxış edən qonaqlar gündəlikdə duran mövzular ətrafında maraqlı müzakirələr aparıblar, ən əsası Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi təşəbbüslərini alqışlayıblar: "Təbii ki, uzun illərdir formalaşan bu ənənə böyük zəhmətin, qətiyyətin bəhrəsidir. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki zəngin təcrübəsi dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında digər ölkələr üçün nümunədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti