...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə tanınmış amerikalı diplomata fəxri lövhə təqdim olunub

Cəmiyyət Materials 12 May 2016 05:43 (UTC +04:00)
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycanın Vaşinqtondakı Səfirliyində tədbir keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə tanınmış amerikalı diplomata fəxri lövhə təqdim olunub

Bakı. Trend:

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycanın Vaşinqtondakı Səfirliyində tədbir keçirilmişdir.

Toplantıda Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə Respublikasının ABŞ-dakı səfiri Sərdar Kılıç, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Rumıniyanın yüksək rütbəli diplomatları, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyinin rəsmiləri və eləcə də yerli ictimai təşkilatlar və ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.

Tədbirin fəxri qonağı ABŞ Dövlət Departamentinin sabiq yüksək rütbəli rəsmisi, səfir Riçard Hoqland (Richard Hoagland) olmuşdur.

İştirakçılar qarşısında çıxış etmiş səfir Elin Süleymanov müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi inkişaf yolu barədə məlumat vermiş, bugünkü güclü və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın məhz onun yorulmaz səyləri nəticəsində formalaşdığını vurğulamışdır. Elin Süleymanov həmçinin ümummilli liderin ABŞ ilə ikitərəfli münasibətlərin inkişafı və regional əməkdaşlığa verdiyi əvəzolunmaz töhfələr barədə danışmış və bunun ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd etmişdir.

Səfir ayrıca olaraq qədim İpək Yolunun bərpası istiqamətində Azərbaycanın ABŞ və digər tərəfdaş ölkələrlə birgə göstərdiyi səylərin əhəmiyyətindən söz açmış və bu mənada, xüsusilə ümummilli lider Heydər Əliyevin şəxsi iradəsi və təşəbbüsü ilə 1998-ci ildə Bakıda baş tutmuş "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA) üzrə beynəlxalq konfransın tarixi əhəmiyyətini vurğulamışdır. Riçard Hoqlandın regionumuzdan keçən tarixi İpək Yolunun gerçəkləşməsinə bu günədək verdiyi töhfələrə istinad etmiş Elin Süleymanov ona minnətdarıq ifadə etmişdir. O, xüsusilə ötən il Azərbaycan Səfirliyində Trans-Xəzər ticarət və nəqliyyat dəhlizinin inkişafı üzrə regional əməkdaşlığın potensialına dair diplomatik seminarın keçirilməsi və daha sonra cari ilin aprelində Vaşinqtonda eyni mövzuya həsr olunmuş beynəlxalq forumun təşkilinə Riçard Hoqlandın göstərdiyi dəyərli dəstəyi təqdir etmişdir. Səfir Süleymanov ümummilli lider Heydər Əliyevin doğum günü kimi əlamətdar bir hadisənin qeyd olunması çərçivəsində Riçard Hoqlanda ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafı və tarixi İpək Yolunun canlandırılmasına yetirdiyi töhfələrə görə fəxri lövhə təqdim etmişdir.

Səfir Riçard Hoqland ona göstərilmiş olan etimada görə öz təşəkkürünü bildirmiş və ölkəmizlə bağlı şəxsi təəssüratlarını bölüşmüşdür. Bu təəssüratlara əsaslanaraq o, ölkəmizi və Azərbaycan xalqını açıqürəkliliyi, qonaqpərvərliyi və xoşniyyətliliyi ilə xarakterizə etmişdir. Amerikalı diplomat konkret olaraq 2001-ci il 11 sentyabrda ABŞ-da dəhşətli terror aktlarını baş verdiyi gündə Vaşinqtonda kommunikasiya xətləri və nəqliyyat yollarının qapandığı bir vaxtda yolunun üstündə yerləşmiş Azərbaycanın Vaşinqtondakı Səfirliyinin onun dadına çatdığını xatırlamışdır və həmin hadisənin ölkəmiz haqqında söylədiyi xoş sözləri bir daha təsdiq etdiyini göstərmişdir. Riçard Hoqland eyni zamanda oxşar xoş yanaşmanın Azərbaycanda iqtisadi, sosial və demokratik tərəqqiyə də sirayət edəcəyinə ümidvar olduğunu ifadə etmişdir.

Səfirlik tərəfindən hər il təşkil edilən, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə ənənəvi olaraq Azərbaycan-ABŞ strateji tərəfdaşlığına töhfə vermiş ABŞ-ın tanınmış xadimlərinə fəxri lövhə təqdim olunur. Belə ki, daha öncə eyni mükafat ilə ABŞ Konqresinin sabiq üzvü Dən Börtn (Dan Burton) və ABŞ Nəqliyyat Komandanlığının sabiq rəhbəri, hərbi hava qüvvələrinin "4 ulduzlu" generalı Danken Maknab (Duncan McNabb) təltif olunmuşlar.

Xəbər lenti

Xəbər lenti