...

Dneprdə Dünya Azərbaycanlılarının 4-cü qurultayının qarşıya qoyduğu vəzifələr müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 2 İyul 2016 14:33 (UTC +04:00)

Bakı. Trend:

Dnepr şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının 4-cü qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyələrə həsr olunmuş toplantı keçirilib.

İyun ayının 2-dən 3-nədək Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın növbəti birlik və həmrəylik təntənəsinə çevrilib.

Trend-in məlumatına görə, toplantıda çıxışına bu sözlərlə başlayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Rövşən Tağıyev qurultayda Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tapşırıq və tövsiyələrin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən söz açıb.

Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, yerli televiziya və kütləvi informasiya vasitələri ilə səmərəli işin qurulması, həftə sonu Azərbaycan dili məktəblərinin açılması istiqamətində yeni fəaliyyət proqramının hazırlandığını diqqətə çatdıran diaspora rəhbəri qurultayda səslənən hər bir fikrin və ideyanın dünya azərbaycanlılarının birlik və həmrəylik məfkurəsinə xidmət etdiyini vurğulayıb: "Dünya azərbaycanlılarının 4-cü qurultayı çağdaş Azərbaycan tarixinin növbəti birlik və həmrəylik salnaməsinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi çıxışı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızda böyük iftixar hissi yaratdı. Bununla yanaşı, möhtərəm Prezidentimiz dünya Azərbaycan diaspora təşkilatlarının səmərəli fəaliyyət göstərmələri üçün proqram xarakterli tapşırıq və tövsiyələr verdi. Hər bir azərbaycanlının arxasında Azərbaycan kimi qüdrətli bir dövlətin durduğunu bildirərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspora təşkilatlarımızın üzərinə düşən tarixi missiyanın koordinatlarını açıqladı. Mən çox şadam ki, qurultayda Prezident İlham Əliyevin sərəncamı ilə dövlətimizin ən ali mükafatlarından sayılan Tərəqqi Medalı ilə təltif olundum. Bu tək mənə deyil, ümumilikdə Ukraynada fəaliyyət göstərən bütün Azərbaycan diasporunun fəaliyyətinə verilən yüksək qiymətdir. Bu təltif həm də bizim qarşımızda tarixi vətənimiz naminə daha səmərəli işlər görmək üçün böyük məsuliyyət qoyub.”

Azərbaycan diaspora fəallarının və gənclərin iştirak etdiyi toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin qurultayda söylədiyi tarixi çıxışın video yazısı nümayiş etdirilib. Dövlət başçısının proqram xarakterli nitqi soydaşlarımız tərəfindən böyük çoşqu və ruh yüksəkliyi ilə qarşılanıb.

Toplantıda Poltava vilayət radasının deputatı Fəxrəddin Muxtarov, Dnepr Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Nəcəf Əhmədov, Zöhrab Cəfərov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepr Vilayət təşkilatının sədri Elza Bəkirova və digər soydaşlarımız çıxış edərək qurultayla bağlı xoş və yadda qalan təəssüratlarını bölüşüblər.

Qurultayın qarşıya qoyduğu vəzifələrin geniş müzakirə olunduğu toplantıda bu ilin sentyabr ayından etibarən Ukraynanın müxtəlif vilayət və şəhərlərində Azərbaycan dilində həftə sonu məktəblərin açılması və Konqresin nəzdində analitik informasiya mərkəzinin yaradılması ilə bağlı qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti