...

Xaçmazda Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlər verildi (FOTO)

Cəmiyyət Materials 18 İyul 2016 14:22 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmaz rayonunda Qarabağ müharibəsi əlillərini yeni fərdi yaşayış evləri ilə təmin etdi.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövründə Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, həmçinin 25-dək rayonda (Siyəzən, Şabran, Qusar, Biləsuvar, Sabirabad, İmişli, Şamaxı, Oğuz, Şəki, Ağdaş, Balakən, Zaqatala və s.) fərdi yaşayış evləri, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə, 211 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Ümumilikdə indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 5443 nəfər əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 91 faizdən çoxu məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evinin Qarabağ müharibəsi əlillərinin istifadəsinə təqdim edilməsi zamanı bildirilib.

Tədbirdə müharibə əlilləri və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərindən olduğu vurğulanıb. Bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması yönündə görülən işlərdən bəhs olunub. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının həmin şəxslərin yeni mənzillərlə təminatında növbəti mühüm addımların atılmasına şərait yaratdığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın icrası işlərinin cari ildə də uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı üçün ölkəmizin bölgələrində fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, eləcə də bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısının mütəmadi olaraq artırılmasının ümumən respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı vurğulanıb. Müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi istiqamətində görülən işlərdən də söz açılıb, onlara yönələn sosial ödənişlərin mütəmadi olara artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları diqqətə çatdırılıb. Əlilliyi olan insanların, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində də mühüm işlərin aparıldığı qeyd olunub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə təqdim olunan evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti