...

Əflatun Amaşov: Fransızdilli "Le Carrefour" qəzetinin Azərbaycan həqiqətlərinin yayılmasında çox böyük rolu var

Cəmiyyət Materials 20 İyul 2016 11:30 (UTC +04:00)
“Le Carrefour” qəzetinin ilk sayı 2007-ci ilin iyul ayında nəşr olunub.
Əflatun Amaşov: Fransızdilli "Le Carrefour" qəzetinin Azərbaycan həqiqətlərinin yayılmasında çox böyük rolu var

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşovla Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin təsisiçisi və baş redaktoru Zeynab Kazımova ölkəmizdəki xaricidilli medianın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Z.Kazımova 9 ildir fəaliyyət göstərən Azərbaycanın yeganə fransızdilli qəzeti haqqında məlumat verərək bildirib ki, qəzetin ilk sayı 2007-ci ilin iyul ayında nəşr olunub. O, deyib ki, təsisçisi olduğu qəzet elə ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən materiallar dərc edib, hər zaman Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması və Azərbaycanın təbliğatı üçün çalışır. Qəzetin yaradılmasında əsas məqsədin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan-Fransa arasındakı əlaqələrin inkişafına töhfə vermək, ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliği olduğunu deyən baş redaktor rəhbəri olduğu www.lecarrefour.az saytının fəaliyyətindən də söz açıb. O, saytda məlumatların gündəlik olaraq yeniləndiyini bildirərək müxtəlif ölkələrdən olan fransızdilli oxuculara Azərbaycan haqqında məlumat verildiyini diqqətə çatdırıb. Sosial şəbəkələrdə də təmsil olunan qəzetin facebook səhifəsində aktiv paylaşımlar edildiyini, bu məlumatların ölkədən kənarda çox izləndiyini, hətta əcnəbi ad-soyadlı ermənilərin və ya ermənipərəst bəzi istifadəçilərin səhifəni hədəf aldığını və burada Azərbaycanla bağlı paylaşılan məlumatlara məqsədyönlü şəkildə ölkəmiz əleyhinə rəylər yazdıqlarını da nəzərə çatdıran Z. Kazımova buna qarşı aparılan işlərdən də söz açıb. Baş redaktor dövlət səviyyəsində ölkədəki xaricidilli KİV-ə, o cümlədən yeganə fransızdilli qəzet olan “Le Carrefour” qəzetinə və saytına dəstək verilməsi, bu istiqamətdə fəaliyyət göstərən KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müvafiq təkliflərini MŞ-ın sədrinin diqqətinə çatdırıb.

MŞ-nin sədri, millət vəkili Ə.Amaşov Azərbaycanla Fransa arasında əlaqələrin hazırda özünün ən yüksək səviyyədə olduğunu bildirib. Ə.Amaşov “Le Carrefour” qəzetinin bu əlaqələrin inkişafına dəstək verdiyini deyərək, belə bir mətbu orqanın və saytın mövcudluğunu yüksək qiymətləndirib. Fransızdilli “Le Carrefour” qəzetinin bu sahədə görülən işləri hər zaman öz səhifələrində işıqlandırdığını, 9 ildən artıq fəaliyyətini hər zaman dövlətçiliyimizin, ölkəmizin beynəlxalq aləmdə təbliğatına yönəltdiyini alqışlayıb. Fransız dilinin dünyada ikinci dil kimi qəbul olunduğunu deyərək, bu dilin bir çox nüfuzlu beynəlxalq təşkilatlarda ingilis dili ilə yanaşı, aparıcı dil olduğunu bildirən MŞ-nin sədri bu baxımdan, xüsusən Fransa ilə daha sıx əlaqələrin yaradılması və ölkəmizlə bağlı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətində “Le Carrefour” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Ə.Amaşov fəaliyyətini bu istiqamətdə quran fransızdilli “Le Carrefour” qəzetinin Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılmasında böyük rol oynadığını deyib və bu qəzetin əhəmiyyətini vurğulayıb. Ə.Amaşov bu qəzetin həm fransızdilli ölkələrdə, həm də beynəlxalq təşkilatlarda ölkəmizin təbliğatını yüksək səviyyədə apardığını deyib və bundan sonra da uğurla aparacağına əminliyini ifadə edib.

Qeyd edək ki, “Le Carrefour” qəzetinin ilk sayı 2007-ci ilin iyul ayında nəşr olunub. Qəzetin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə dəyirmi masa təşkil edilib. Eyni zamanda, bu ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. Cari ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti