Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda 1-2 ulduzlu hotellər, hostellər tikən sahibkarlara güzəştlərin edilməsi məsələsinə şəxsi baxımdan deyil, ümummilli turizmi inkişaf etdirmək baxımından yanaşmaq lazımdır.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Daxili turizmi inkişaf etdirmək üçün daha çox işlərin görülməsini vacib sayan M.Ağakərimovun sözlərinə görə, çox zaman ekspertlər qiymətlərin yüksək olmasının səbəbini bazar iqtisadiyyatı və rəqabət mühiti ilə izah edirlər: “Onlar deyirlər ki, bazar iqtisadiyyatı olduğundan qiymətlər öz-özünə tənzimlənir. Amma qiymət siyasəti öz-özünə tənzimlənməyəcək. Həm Bakıda, həm də regionlarda daha ucuz hotellər inşa edilərsə, digər hotellər də öz qiymətlərini istər-istəməz aşağı salacaqlar. Belə hotellər tikilməyənə qədər qiymətlər dəyişilməz qalacaq”.
M.Ağakərimov hesab edir ki, 1-2 ulduzlu hotellər, hostellər tikilib istifadəyə verildikdə, rəqabət artacaq və qiymətləri daha yüksək olan hotellər də qiymətlərini istər-istəməz endirəcəklər.
Assosiasiya nümayəndəsi əlavə edib ki, 1-2 ulduzlu hotellər, hostellərin tikilməsi ilə bağlı real işlərə başlanılmayıb.
Onun fikrincə, belə yerləşdirmə obyektlərinin tikintisi üçün sahibkarlara şərait yaradılmalı, onlar üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: “Belə olarsa, sahibkarların marağı olar ki, bu cür hotellər tiksin. Sahibkarı qınamaq olmaz. Ev tikib satmaq ona asan başa gəlir. Çünki sahibkar ev tikməmişdən əvvəl artıq pulunu yığır. Amma belə obyektlər maya dəyərini gec - tikildikdən 5-10 il sonra geri qaytarır”.
M.Ağakərimov təklif edir ki, buna görə də 1-2 ulduzlu hotellər, hostellər tikən sahibkarlar üçün güzəştli şərtlərlə torpaqlar ayrılmalı, bir neçə il vergi güzəştləri tətbiq edilməlidir.