...

Daha bir qrup əlilliyi olan şəxs istirahətə yola salınıb (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2016 11:19 (UTC +04:00)
Cari ildə nazirlik tərəfindən 760 nəfər əlillyi olan şəxs istirahətə göndərilib.
Daha bir qrup əlilliyi olan şəxs istirahətə yola salınıb (FOTO)

Bakı. Trend:

Cari ildə nazirlik tərəfindən 760 nəfər əlillyi olan şəxs istirahətə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işləri davam etdirilir. Nazirlik daha 30 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.

İstirahətə yola salınan əlilliyi olan şəxslər bütün sahələrdə dövlətin qayğısı ilə əhatə olunmalarından, maddi təminatlarının gücləndirilməsi, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razılıqla bəhs ediblər. Onlar yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əlilliyi olan şəxslərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov cari ildə nazirlik tərəfindən 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətin təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Onlardan 760 nəfəri artıq Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin şəxslərin qeyd olunan rayonlardakı istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti başa çatdıqdan sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə yerinə yetirilir”.

V.Behbudov bu tədbirlərin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirildiyini qeyd edib. O bildirib ki, Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyasına, onların reabilitasiya potensiallarının reallaşdırılmasına, yaradıcılıq imkanlarının dəstəklənməsinə, sosial-məişət problemlərinin həllinə, sosial xidmətlərlə təminatına və s. yönələn tədbirlər əksini tapır və həmin istiqamətlərin hər biri üzrə konkret işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti