Bakı. Elçin Mehdiyev – Trend:
2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sentyabrın 15-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Trend-in məlumatına görə, agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, məqsəd ilk dərs günü, xüsusən də səhər saatlarında paytaxt yollarında yarana biləcək avtomobil sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin təhlükəsiz və intensiv hərəkətini təmin etməkdir.
Onun sözlərinə görə, bunun üçün paytaxtın küçə və prospektlərinə, xüsusən də ali və orta təhsil müəsissələrinin yerləşdiyi ərazilərə nəzarət gücləndiriləcək: “Bu ərazilərdə avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda "yaşıl dalğa" (nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə işıqforda yaşıl işığın yanması - red.) tədbiq ediləcək".
Bununla yanaşı, səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəsissələrinə, iş yerlərinə vaxtında rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.
Bakı Nəqliyyat Agentliyi, həmçinin sürücülərdən xahiş edir ki, təhsil müəsissələrinə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsi qaydalarına və sürət həddinə ciddi əməl etsinlər.