Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, paytaxtın nəqliyyat sistemində, xüsusən də sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi, eləcə də marşrut xətləri üzrə istismarda olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir.
Bununla bağlı müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulub. Lakin təəssüflər olsun ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan şirtkətlərin əksəriyyəti bu tələbləri tam şəkildə yerinə yetirmir. Bunun isə başlıca səbəbi onların müasir standartlara cavab verən maddi texniki bazaya malik olmamasıdır. Məhz lazımi maddi texniki bazanın olmaması ictimai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir. Mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar edilib. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib.
Xatırladaq ki, 06.09.2016-cı il tarixdə Bakı şəhərində 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə istismar olunan "10 TF 297" dövlət qeydiyyat nişanlı, “Midibus-saz” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və bir neçə sərnişinin sağlamlığına zərər dəyib. İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxlə bağlanan "60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə"nin müddətinin bitdiyi aşkarlanıb.