...

“Sınıq körpü”dəki sıxlıqlar tamamilə aradan qaldırılıb (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2016 18:50 (UTC +04:00)
Son dövrlər Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda müşahidə olunmuş nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb.
“Sınıq körpü”dəki  sıxlıqlar tamamilə aradan qaldırılıb (FOTO)

Bakı. Trend:

Son dövrlər Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda müşahidə olunmuş nisbi sıxlıqlar tamamilə aradan qaldırılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend məlumat verilib. Komitənin məlumatında deyilir ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabrda təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda edilmiş dəyişikliklərin tətbiqi ölkənin bütün gömrük-keçid məntəqələrinin, o cümlədən “Sınıq körpü” gömrük postunun iş rejiminə müsbət təsir göstərib.

Dəyişikliklərin tətbiqinə qədər xaricə səyahət edən vətəndaşların güzəştli qaydalarla ölkəyə gətirdiyi malların miqdarına müəyyən məhdudiyyətlər qoyulsa da, vaxt baxımından qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdı. Nəticədə son illər fiziki şəxslərin, xüsusilə sərhədyanı ərazilərdə yaşayan əhalinin gün ərzində bir neçə dəfə qonşu ölkələrə gedərək gömrük ərazisinə gətirdikləri malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhdlər göstərilir, bu da öz növbəsində həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınmaya, həmçinin qeyd olunan malların qaçaqmalçılığı hallarını artmasına, gömrük-keçid məntəqələrində sıxlıqların yaranmasına səbəb olurdu.

Belə ki, xüsusilə sərhəd rayonlarda yaşayan sakinlərin bir qisminin bəzən gün ərzində 2-3 dəfə qonşu ölkələrə səyahət etdiyi, hər dəfə geri dönüşdə isə özləri ilə siqaret, alkaqollu içkilər və ərzaq məhsulları gətirdiyi müşahidə olunurdu.

Dəyişikliklərə əsasən hər bir vətəndaşın bu güzəştlərdən təqvim ayı ərzində yalnız bir dəfə yararlanacağının qeyd olunması həm dövlət büdcəsinə daxilolmaların miqdarının artmasına, qaçaqmalçılıq hallarının azalmasına və gömrük məntəqələrindən rahat keçidin təmin olunmasına münbit şərait yaradıb.

Qeyd edək ki, belə halların mütəmadi yaşandığı Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda bəzən bu kimi qanun pozuntularına cəhdlər olsa da gömrük orqanları tərəfindən bu cəhdlərin qarşısı alınır və heç bir sıxlıq müşahidə olunmur, nəqliyyat vasitələrinin, sərnişinlərin rahat keçidi tam təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti