Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində respublika birinciliyinin məktəbdaxili yarışlarına start verilib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin olaraq Bakı şəhəri üzrə yarışlarda iştirak etmək üçün idman zalı olmayan məktəblər seçilib. Bu məqsədlə 8 ümumtəhsil məktəbinin komandası 96 və 234 nömrəli tam orta məktəblərdə məktəbdaxili yarış keçiriblər. Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonu üzrə idman zalı olmayan məktəblərin seçilməsi və yarışların keçirilməsi planlaşdırılır.
Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.