...

Səhiyyə Nazirliyindən Çin dərmanlarının Avropa dərmanı adı ilə gətirilməsi iddialarına CAVAB (ÖZƏL)

Cəmiyyət Materials 14 Aprel 2017 17:19 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi ölkə ərazisinə Çində istehsal olunmuş dərmanların Avropa istehsalı olan dərman adı ilə ölkəyə gətirilməsi barədə səsləndirilən iddialara cavab verib.
Səhiyyə Nazirliyindən Çin dərmanlarının Avropa dərmanı adı ilə gətirilməsi iddialarına CAVAB (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Çin istehsalı olan dərmanların Avropa istehsalı adı altında ölkəyə gətirilməsi barədə səsləndirilən iddialara cavab verib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, “Dərman vasitələri haqqında” qanuna əsasən, dərmanın ölkəyə idxalı və istifadəsi üçün o, ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir.

Bu zaman dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycanda dövlət qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və preparat Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir.

Mərkəzdən bildirilib ki, AEM 2015-ci ildən başlayaraq, istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb. İstehsalat müəssisəsinin yoxlanması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən - xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, prosseslərin validasiyası, sənədləşdirmə sistemi və s. Ümumdünya Səhiyyə Təşkilatının Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarına uyğunluğu araşdırılır. Bu cür yoxlamalar mütəmadi olaraq aparılır və müəssisələrin GMP-inspeksiya planları hazırlanıb. Həmin plana əsasən, ilk növbədə Azərbaycanda ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanması həyata keçirilir:

“Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında tədqiq edilir. Müvafiq laborator yoxlamaların nəticəsində dərman vasitəsinin keyfiyyəti normativ-texniki sənədlərin tələblərinə cavab verirsə, dərman vasitəsinə keyfiyyət sertifikatı verilir və onun ölkəyə idxalına icazə verilir. Keyfiyyət parametrlərinin normativ-texniki sənədlərin tələblərinə cavab verməməsi müəyyən edilən zaman isə səbəbi göstərilməklə dərman vasitəsinin idxalına icazə verilmir”.

Mərkəzdən əlavə edilib ki, Avropa şirkətlərindən “Mentolatum Company Limited” (Şotlandiya, Birləşmiş Krallıq), “Sofarma” ASC (Bolqarıstan), “Slovfarm d.o.o” (Sloveniya), “Glaxo Welcome UK Limited” (Böyük Britaniya), “Ferring GmbH” (Almaniya) kimi şirkətlərin Çin Xalq Respublikası ərazisində də istehsal sahələri mövcuddur və Azərbaycan ərazisində Çində yerləşən 16 istehsalçıdan 40 adda dərman vasitəsi qeydiyyata alınıb: “Amma bəzən əczaçılıq bazarında Səhiyyə Nazirliyinin razılığı olmadan ölkəyə idxal olunmuş, dövlət qeydiyyatı və keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışının aparılması hallarına da rast gəlinir. Səhiyyə Nazirliyinin razılığı olmadan ölkəyə idxal olunan, dövlət qeydiyyatı və keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışının aparılması halları aşkarlanan zaman belə preparatların satışdan çıxarılması üçün Nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atılır”.

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ona daxil olan müraciətlər əsasında bəzi dərman şirkətlərinin Çində istehsal olunan dərmanları Azərbaycana Avropa istehsalı adı altında gətirdiklərini söyləmişdi: “Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qablaşdırıb Azərbaycanda Avropa istehsalı kimi təqdim edirlər. Buna görə də bəzi hallarda həkimlərimizin təyin etdiyi dərmanlar o qədər effekt vermir. Həkimlər tərəfindən də xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu çox ciddi narahatlıq doğuran faktdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti