...

Narkoloji Dispanserin baş həkimi ilə bağlı məhkəmə hökmündən apellyasiya protesti verilib

Cəmiyyət Materials 31 İyul 2017 17:42 (UTC +04:00)
Həsənov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi barədə apellyasiya protesti verilib.
Narkoloji Dispanserin baş həkimi ilə bağlı məhkəmə hökmündən apellyasiya protesti verilib

Bakı. Trend:

Narkoloji Dispanserin baş həkimi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya protesti verilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib alması ilə bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin 24 iyul 2017-ci il tarixli hökmü ilə H.Həsənov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən H.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi barədə apellyasiya protesti verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti