...

Azərbaycan Frankfurt beynəlxalq kitab sərgisində təmsil olunacaq (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2017 17:32 (UTC +04:00)
Azərbaycan 11-15 oktyabr tarixində keçiriləcək Frankfurt beynəlxalq kitab sərgisində təmsil olunacaq.
Azərbaycan Frankfurt beynəlxalq kitab sərgisində təmsil olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan 11-15 oktyabr tarixində keçiriləcək Frankfurt beynəlxalq kitab sərgisində təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyinin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniyanın Frankfurt-Mayn şəhərinə səfər edəcəklər.

Beynəlxalq kitab sərgiləri arasında Frankfurt kitab sərgisi nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.

Həmçinin Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə sərgi-yarmarka boyunca bir sıra tədbirlər keçiriləcək.

12 oktyabr 2017-ci il tarixində milli pavilyonda "XVIII-XXI əsrlərdə alman dilli Nizamişünasların elmi tədqiqatlarının nəticələri" və "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu qədimi əlyazmalarına çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzularında məruzələr səsləndiriləcək.

13 oktyabr 2017-ci il tarixində milli pavilyonda "Azərbaycan Almanların gözü ilə", "Azərbaycanlılar Almaniyada – diaspor nümayəndələrinin təəssüratları" mövzularında müzakirələr baş tutacaq, Dr. Rahim Şimitin “Mədəniyyətlərarası Təbabət və Kommunikasiya" adlı kitabının təqdimatı keçiriləcək.

14 oktyabr 2017-ci il tarixində milli pavilyonda Azərbaycan Prezidentinin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı eyni adlı məruzələrdən ibarət tədbir təşkil ediləcək. Tədbir çərçivəsində, həmçinin “IRS-Erbe” jurnalının Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsinin və “IRS Publishing House” nəşrlər evinin kitablarının təqdimatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti