...

Baş prokuror Bərdədə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 24 Noyabr 2017 14:19 (UTC +04:00)
Baş prokuror Bərdə şəhərində vətəndaşları qəbul edib.
Baş prokuror Bərdədə vətəndaşları qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov noyabrın 24-də Bərdə rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror və Bərdə rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 17 vətəndaş qəbul edilmiş, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır.

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti