...

Azərbaycanda ürəyin müalicəsi üçün yeni metod tətbiq edildi (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2017 15:10 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, Mərkəzi Klinik Xəstəxanada aortanın laylanmış (dissekan) anevrizması “hibrid metodla” müalicə edilib.
Azərbaycanda ürəyin müalicəsi üçün yeni metod tətbiq edildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ilk dəfə olaraq, Mərkəzi Klinik Xəstəxanada aortanın laylanmış (dissekan) anevrizması “hibrid metodla” müalicə edilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, əməliyyat Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, ürək-damar cərrahı Kamran Musayev və onun komandası tərəfindən həyata keçirilib.
Aorta disseksiyası xəstəliyi barədə məlumat verən doktor Kamran Musayev bildirdi ki, insan orqanizminin ana damarı olan aortanın daxili qişasının cırılması ilə müşahidə olunan bu xəstəlik zamanı ölüm riski yüksəkdir:

“Ölüm riski yüksək olsa da, son illər kardiologiya və ürək-damar cərrahiyyəsində bu xəstəliyin müalicəsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu sahədə ən son nailiyyət aorta disseksiyasının (və dissekan anevrizmanın) “hibrid metodla” ləğvidir. “Hibrid metod” – klassik cərrahi əməliyyatlarla endovaskulyar əməliyyatların birgə istifadə olunmasıdır. Bu yanaşmada daha kiçik miqyaslı açıq əməliyyatlarla endovaskulyar qapalı əməliyyatlar kombinasiya edilir. Beləliklə, böyük miqyaslı açıq əməliyyatlardan və onların ağırlaşmalarından yayınmaq olur. Eyni zamanda bu metodla xəstələrdə qan itkisinin və əlavə travmanın qarşısı alınır”.

Hibrid müalicənin dünyanın qabaqcıl ölkələrində son 10 ildə tətbiq edildiyini deyən K.Musayev bildirdi ki, bu əməliyyat ölkəmizdə ilk dəfə tətbiq edilir:

“Ciddi riskli aorta disseksiyası və aorta anevrizması xəstələri üçün ümid yeri, həyat xilasedici bir alternativ təşkil edən “hibrid müalicə” dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq edilməyə başlayıb. Bizim bu müalicə metodunu ilk dəfə tətbiq edərək əməliyyat etdiyimiz xəstə 39 yaşında kişi idi. Xəstədə enən aortanın disseksiyası və anevrizması olduğu üçün klassik açıq cərrahiyyənin tətbiqi yüksək risk daşıyırdı. Buna görə də xəstəmizi “hibrid metodla” (yuxu arteriyası- körpüçükaltı arteriya şunt + TEVAR ) ilə müalicə etməyə qərar verdik. Əvvəlcə yuxu arteriyası ilə körpücükaltı arteriya arasında şunt əməliyyatı icra etdik. Sonra isə aortanın laylanmış və anevrizmalaşmış seqmentinə qapalı yolla stent-qreft yerləşdirdik (TEVAR)”.

Baş həkim bildirdi ki, bu cür əməliyyatları həyata keçirmək üçün ciddi infrastruktur və kadr hazırlığı tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti