...

UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir

Cəmiyyət Materials 16 Yanvar 2018 14:55 (UTC +04:00)
Bu il UNICEF Azərbaycan uşaqları naminə fəaliyyətinin 25 illiyini qeyd edir.
UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir

Bakı. Trend:

Bu il UNICEF Azərbaycan uşaqları naminə fəaliyyətinin 25 illiyini qeyd edir.

Trend-in məlumatına görə, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin deyib ki, UNICEF əksəriyyəti gənclər olan Azərbaycan xalqının hər bir uşağı üçün daha parlaq gələcək qurmaq məqsədilə Azərbaycandakı dörddə bir əsrlik fəaliyyətini qeyd etməkdən qürur duyur:

“Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etməyə davam etdiyi üçün UNICEF bütün uşaqların həyatda bərabər imkanlara, şanslara malik olduğu və öz hüquqlarına eyni hörmətlə yanaşıldığı gələcəyə nail olmaq arzusuna sadiq olaraq qalır”.

UNICEF Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycanın müstəqilliyinin ilk illərində UNICEF-in proqramları həm təxirəsalınmaz humanitar ehtiyaclara, həm də milli inkişaf prioritetlərinə yönəlmişdi. 25 il əvvəl bu prioritetlər arasında qarşısı alına bilən xəstəliklər əleyhinə peyvəndləmə, uşaq və anaların sağlamlıq və qidalanmasının yaxşılaşdırılması, təhlükə altında olan uşaqların qorunması vardı.

UNICEF hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə Azərbaycan uşaqları və qadınları naminə ciddi irəliləyişə töhfə vermişdir. UNICEF-in uğurlarına bir sıra digər uğurlarla yanaşı, Azərbaycanın poliomielitdən azad ölkəyə çevrilməsinə və digər qarşısı alına bilən xəstəliklərin yayılmasının azaldılmasına, inkişafın ləngiməsi kimi vəziyyətləri azaltmaq üçün duzun ümumi yodlaşdırılmasının tətbiqinə, ibtidai məktəbdə iştirak səviyyəsinin 90 faizdən artıq göstəriciyədək artırılmasına, beş yaşlı uşaqlar üçün ilk məktəbə hazırlıq proqramının tətbiqinə və uşaq müəssisələrində yaşayan uşaqların sayının yarıbayarı azaldılmasına kömək göstərməsi də daxildir.

UNICEF eyni zamanda, qanunvericilərə və siyasət müəyyənləşdirən fiqurlara qızları erkən nikahdan qoruyan, əlilliyi olan uşaqların normal məktəblərdə oxuması üçün daha çox imkanlar yaradan, uşaqlar üçün pulsuz hüquqi yardım xidmətləri təmin edən, bütün uşaqların idman və rekreasiya imkanlarına çıxışını artıran, səhiyyə işçilərinin, müəllimlərin və digər sosial qayğı mütəxəssislərinin texniki bacarıqlarını artıran və sosial işçilərin, gənc işçilərin yeni nəsillərini formalaşdırmağa başlayan qanunvericilik və təşəbbüslər təqdim etməkdə dəstək göstərmişdir.

“Bu gün bizim məqsədimiz harada doğulmasından və hansı şəraitdə yaşamasından asılı olmayaraq, bütün uşaqların həyatda bərabər imkanlara malik olmasına, sağlam, yaxşı təhsil almış, təhlükəsiz vəziyyətdə yaşayan fərdlər ola bilməsinə və ləyaqətlə yaşamasına imkan yaratmaqdır” - Edward Carwardine deyir. “Son 25 il ərzində Azərbaycan uşaqlarına xidmət etmək bizim üçün qürur və fəxr olmuşdur və bu ölkədəki uşaqların həyatına töhfə verməyi davam etdirmək arzusundayıq”.

UNICEF həyata keçirdiyi istənilən fəaliyyətdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün tərəfdaşlarımızla birgə 190 ölkə və ərazidə çalışırıq. Dünyanın istənilən yerində yaşayan uşaqların maraqları naminə, bu fəaliyyətimizin diqqət mərkəzində ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlara əlçatanlığı təmin etmək üçün xüsusi səylər dayanır. UNICEF və onun Azərbaycandakı fəaliyyəti barədə daha ətraflı məlumat üçün www.unicef.org/azerbaijan internet səhifəsini ziyarət edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti