...

Azərbaycandakı turizm informasiya mərkəzlərinin rolu nədir?

Cəmiyyət Materials 9 Mart 2018 16:06 (UTC +04:00)
Azərbaycandakı turizm informasiya mərkəzlərinin rolu nədir?
Azərbaycandakı turizm informasiya mərkəzlərinin rolu nədir?

Bakı. Trend:

Bakıda və turizm potensiallı regionlarda turizm informasiya mərkəzləri (Bakı, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı, Şamaxı, Xaçmaz, Quba, Qusar və Bərdə) yaradılıb. Turizm informasiya mərkəzləri tərəfindən Bakıya və regionlara gəlmiş qonaqlara və turistlərə ekskursiya, nəqliyyat, bələdçilik və digər turizm xidmətləri göstərilir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bir sıra turizm informasiya mərkəzləri fəaliyyətləri dövründə beynəlxalq təşkilatlarla da əlaqələr qurub. Belə ki, 2011-ci ilin 8-14 oktyabr tarixində Cənubi Koreyanın Kendju şəhərində keçirilən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 19-cu sessiyasında Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm və Menecment Universiteti ilə yanaşı, Bakı Turizm İnformasiya Mərkəzi də DTT-yə qoşulmuş üzv (Affiliate Member) seçilib. Həmin dövrdən başlayaraq, Bakı Turizm İnformasiya Mərkəzi bu qurum ilə sıx əməkdaşlıq edir.

Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən regionlarda mövcud olan mərkəzlərin fəaliyyətinin səmərəli təşkili üçün metodiki tövsiyələr hazırlanıb, onların müvafiq əməkdaşlarının iş təcrübəsinin artırılması və praktiki biliklərinin təkmilləşdirilməsi məqsədilə köməklik göstərilib.

Regionlarda fəaliyyət göstərən turizm informasiya mərkəzləri də ölkəmizin turizm sənayesinin inkişafına və təbliğinə öz töhfələrini verirlər. Hər il ənənəvi olaraq Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (“AİTF”) turizm informasiya mərkəzləri regional mədəniyyət və turizm idarələri və turizm sənayesi nümayəndələri ilə birlikdə müvafiq stenddə təmsil olunurlar.

Turizm informasiya mərkəzləri tərəfindən müxtəlif növ turizm marşrutları hazırlanıb, yerli və xarici turistlərin mədəniyyət müəssisələrinə və turizm nümayiş obyektlərinə ekskursiyaları təşkil edilib.

Bu mərkəzlərin əməkdaşlarının iştirakı ilə regionlarda əl sənətkarlığı ilə məşğul olan sənətkarlarla görüşlər keçirilib, onların işinin təşviqi və gələn turistlərə yerli yaradıcılıq nümunələrinin təqdim edilməsi məqsədilə suvenirlərin satışı üçün köşklər yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “zaqatala.travel”, “sheki.travel”, “shamakhi.travel”, “guba.travel”, “khachmaz.travel”, “lankaran.travel” və “baku.azerbaijan.travel” internet saytları istifadəyə verilib. Bu saytlarda və sosial şəbəkələrdə mütəmadi olaraq bölgələrdə yaradılan turizm infrastrukturu, keçirilən mədəni tədbirlər və turistləri maraqlandıra biləcək digər vacib məlumatlar yerləşdirilir. Hazırda yeni yaradılmış Qəbələ, İsmayıllı, Qusar və Bərdə turizm informasiya mərkəzlərinin internet saytlarının hazırlanması istiqamətində müvafiq işlər aparılır.

Turizm informasiya mərkəzləri tərəfindən kənd turizmi, mədəni turizm və digər turizm növlərinin bölgələrdə inkişaf etdirilməsi, yerli turizm marşrutlarının təşviqi məqsədilə müvafiq reklam-çap materialları hazırlanıb, turizm obyektlərinin əməkdaşları ilə görüşlər keçirilib. Mərkəzlər fəaliyyət göstərdikləri rayonlar üzrə turizm məhsullarının yaradılmasına, turizm növlərinin dəstəklənməsinə və bölgənin infrastrukturunun təkmilləşdirilməsinə dair təkliflər verir, habelə ölkənin digər bölgələri üzrə də turizm imkanları haqqında məlumatlara dair əyani vəsaitlər hazırlayıb yayılmasını təşkil edirlər.

Turizm informasiya mərkəzləri turistlərin cəlb edilməsi məqsədilə turizm şirkətləri üçün infoturlar, KİV nümayəndələrinin iştirakı ilə tarixi məkanlara press-turlar təşkil edirlər. Eləcə də turizm marşrutları və bu marşrutlar üzrə turistlərə xidmət edəcək bələdçilərin hazırlanması həyata keçirilir.

Hazırda bölgələrin milli əl sənətkarlığının inkişafına töhfə vermək və bu sahəni stimullaşdırmaq məqsədilə sənətkarlarla əlaqə yaradılır, turistlərin marağına səbəb olan məhsulların satışı və turist axınının statistika məlumat bazasının hazırlanması üzrə müvafiq tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti