...

Nazirlik əlilliyi olan şəxsləri 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib

Cəmiyyət Materials 3 Aprel 2018 14:55 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu ilin yanvar-mart aylarında əlilliyi olan şəxslərə 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.
Nazirlik əlilliyi olan şəxsləri 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu ilin yanvar-mart aylarında əlilliyi olan şəxslərə 6246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, əlilliyi olan şəxslərin müraciətləri əsasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ambulator və müvafiq hallarda stasionar şəraitdə protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Verilən reabilitasiya vasitələri və protez-ortopedik məmulatlardan 300 ədədə yaxını əlil arabası olmaqla müvafiq tibbi göstərişi olan əlil insanlara təqdim edilib. Həmçinin bu təbəqədən olan şəxslər 326 ədəd aşağı və yuxarı ətraf ortezi, 266 ədəd aşağı və yuxarı ətraf, döş protezi, 96 ədəd bel və boyun nahiyəsi üçün korset, 1729 ədəd müxtəlif reabilitasiya vasitəsi, 360 cüt dirsəkaltı ağac, 277 ədəd dördayaqlı dayaq vasitəsi, 207 cüt qoltuqaltı ağac, 635 ədəd əsa, 846 cüt ortopedik ayaqqabı, 141 cüt protez ayaqqabı və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərdən 152 nəfərinə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Ümumilikdə, cari ilin yanvar-mart aylarında qeyd olunan müəssisələr tərəfindən 2672 nəfər əlilliyi olan şəxs müvafiq xidmətlərlə təmin edilib ki, onların 376 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Eyni zamanda, protez-optopedik məhsulların istehsalında yeni konstruksiyaların və elmi nailiyyətlərin tətbiqi, qabaqcıl dünya təcrübəsi əsasında yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin istehsalı sisteminin formalaşdırılması işləri də aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti