...

Pakistanda ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş qolf turniri keçirilib (FOTO)

Cəmiyyət Materials 2 May 2018 17:44 (UTC +04:00)
“Heydər Əliyev 95 - Azərbaycan Qolf Turniri” və müxtəlif əyləncəli yarışlar keçirilib.
Pakistanda ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş qolf turniri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfirliyinin və Bahriya Şəhərciyinin təşkilatçılığı ilə İslamabad şəhərində yerləşən Bahriya Golf Klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev 95 - Azərbaycan Qolf Turniri” və müxtəlif əyləncəli yarışlar keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, turnir və əyləncəli yarışlarda bir çox xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, tanınmış qolfçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Turnirin qaliblərinin mükafatlandırma mərasimində çıxış edənlər, Bahriya Şəhərciyinin icraçı direktoru, ehtiyatda olan general mayor Məhəmməd Əli Xan və Bahriya Qolf Klubunun əməliyyatlar üzrə direktoru Semi Saveri bildiriblər ki, 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə təhsilin, infrastrukturun, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verən Heydər Əliyev 1993-cü ildə tənəzzülün astanasında olan Azərbaycanda yenidən hakimiyyətə gələrək, siyasi və iqtisadi sabitliyi təmin etmiş, onun rəhbərliyi altında həyata keçirilən balanslaşdırılmış və müdrik siyasət nəticəsində Azərbaycanın suverenliyi və müstəqilliyi təmin edilmiş, xarici siyasətdə regional və qlobal güclərlə ittifaqlar təsis edilmişdi. Əsrin müqaviləsinin imzalanması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi Heydər Əliyevin neft strategiyasının böyük uğurlarındandır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş turnirdə yüksək səviyyəli iştirakdan və göstərilən maraqdan məmnuniyyətini və təşəkkürlərini ifadə edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycanın siyasi və iqtisadi həyatında oynadığı müstəsna roldan bəhs edib, onun gerçəkləşdirdiyi islahatlar nəticəsində ölkədə bütün sahələrdə möhkəm və davamlı inkişafın bərqərar edildiyini vurğulayıb. Golf turnirinin ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olmasının təsadüf olmadığını bildirən Ə.Əlizadə Heydər Əliyevin Azərbaycanda idman sahəsinin də inkişafına xüsusi önəm verdiyini, məhz onun yürütdüyü siyasət nəticəsində idman sahəsinin irəli getdiyini, Azərbaycan idmançılarının dünya olimpiadalarında, beynəlxalq yarışlarda mühüm nailiyyətlərə imza atdıqlarını qeyd edib.

Çıxışlardan sonra turnirdə və əyləncəli yarışlarda fərqlənənlərə müxtəlif kuboklar, milli suvenirlər və qaliblərdən ilk yerləri tutmuş qolfçulara isə Azərbaycana səyahət etmək üçün Pakistanın Şahin Hava Yolları tərəfindən İslamabad-Bakı marşrutu üzrə 4 ədəd ikitərəfli təyyarə biletləri təqdim olunub.

Mərasim şam ziyafəti ilə davam edib və musiqili konsert proqramı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti