...

Bilik Fondu ilə Mənəvi Dəyərlərin Təbliği Fondu birinciləri sevindirib (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2018 21:16 (UTC +04:00)
Ölkənin sərhədyanı bölgələrində yaşayan aztəminatlı ailələr üçün xeyriyyə aksiyası keçirilib.
Bilik Fondu ilə Mənəvi Dəyərlərin Təbliği Fondu birinciləri sevindirib (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə ölkənin sərhədyanı bölgələrində yaşayan aztəminatlı ailələr üçün xeyriyyə aksiyası keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, Cəbrayıl, Füzuli, Ağcabədi, Laçın, Ağdam, Tərtər rayonlarından olan qaçqın və məcburi köçkün ailələrinin 2018-1019-cu tədris ilində I-II sinfə gedəcək 100 nəfər üzvü məktəbli forması, çanta və dərs ləvazimatları ilə təmin edilib.

Aksiyaya Cəbrayıl rayonu şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbindən başlanılıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Bilik Fondunun aparıcı məsləhətçisi Elvin Hətəmov və Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyevin iştirakı ilə keçirilən tədbirdə məktəbə ilk dəfə qədəm qoyacaq 7 şagirdə məktəbli forması, çanta və dərs ləvazimatları hədiyyə olunub.

Çıxış edənlər uşaqları yüksək səviyyədə təhsil almağa və vətənə layiqli vətəndaş olmağa səsləyiblər. Bildirilib ki, bundan sonra da dövlətimiz daim onların qayğısına qalacaq.

Növbəti tədbir Füzuli rayonu Heydər Əliyev Mərkəzində keçirilib. Aztəminatlı ailələrdən birinci sinfə gedəcək 20 uşağa hədiyyələr verilib. Füzuli Rayon İcra Hakimiyyəti İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Qabil Əliyevin iştirak etdiyi tədbirdə məktəbə ilk dəfə qədəm qoyan şagirdlərə uğurlar arzulanıb, onlara elmin yollarında inamla irəliləmək tövsiyə olunub.

Ağcabədi Rayon Təhsil Şöbəsində baş tutan görüşdə 20 şagirdə hədiyyələr təqdim olunub. İcra Hakimiyyətinin nümayəndəsi Nicat Axundov, Təhsil Şöbəsinin metodisti Feyruz Rəfiyev və qonaqların iştirak etdikləri tədbirdə bildirilib ki, bu günün şagirdləri gələcəyin tanınmış ictimai, siyasi, elm və yaxudmədəniyyət xadimi ola bilərlər. Bu yüksək səviyyəyə çatmaqdan ötrü məktəb illərindən başlayaraq, elmin sirlərinə dərindən yiyələnmək vacibdir.

Laçın rayon Təhsil Şöbəsində keçirilən görüşdə hədiyyələr aztəminatlı ailələrin 17 üzvünə verilib. Yerli Təhsil Şöbəsininin müdiri Nicat Həsənov, İcra Hakimiyyəti aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Cabir Əvəzzadənin iştirakı ilə keçirilən tədbirdə qonaqlar uşaqları yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.

Ağdam Rayon Təhsil Şöbəsində gerçəkləşən mərasimdə 20 şagird dərs ləvazimatları və məktəbli forması ilə təmin olunub. Təhsil Şöbəsininin müdiri Mətanət Misirxanova, İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Dövlət Komitəsinin yerli nümayəndəsi Ramil Cavadov və qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər balaca məktəbliləri dərslərini mükəmməl oxumağa, gələcəkdə peşəkar mütəxəssis kimi yetişmək üçün daha çox çalışmağa çağırıblar.

Aksiya Tərtər rayonunda yekunlaşıb. Yerli İcra Hakimiyyətinin nümayəndəsi Elvin Umudov və Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev Bilik Fondu ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu aksiyasını dövlətin məktəblilərə qayğısı kimi dəyərləndiriblər. Hədiyyələrin təqdim edildiyi 16 məktəbli belə bir diqqətin müqabilində daha yaxşı təhsil alacaqlarına söz veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti