Bakı. Samir Əli - Trend:
Ağsu dolaylarından istifadə etmədən Şamaxıdan Ağsuya yeni avtomobil yolu tikiləcək.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, yeni tikiləcək yol Bakı-Şamaxı-Yevlax yolunu birləşdirəcək: "Bakı-Şamaxı-Yevlax avtomobil yolu Ağsu dolaylarından keçir. 14 kilometr uzunluğunda olan Ağsu dolayları isə sürüşmə zonasında yerləşir. Buna görə də Bakı-Şamaxı-Yevlax avtomobil yolu Muğanlı qəsəbəsindən başqa istiqamətə çəkiləcək. Yeni tikiləcək yolun uzunluğu 16 kilometr olacaq. Həmin yol Muğanlı qəsəbəsindən başlayaraq Ağsu çayının kənarı ilə tikiləcək və birbaşa Ağsu rayonunda Bakı-Şamaxı-Yevlax yoluna birləşəcək".
A.Nəcəfli bildirib ki, hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır: "İşlər başa çatandan sonra yeni tikiləcək yolun layihəsi hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq və maliyyə ayrılandan sonra yolun tikintisinə başlanacaq. Yeni yolun tikintisinə gələn il başlanacaq".
Xatırladaq ki, Bakı-Şamaxı-Yevlax yolunun Bakıdan Şamaxıya qədər və Ağsudan Yevlaxa qədər olan hissəsi yenidən qurulub və sürücülərin istifadəsinə verilib.