...

Səfər Mehdiyev ABŞ-ın Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın nümayəndə heyəti ilə görüşüb

Cəmiyyət Materials 19 Dekabr 2018 21:50 (UTC +04:00)
Dekabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Səfər Mehdiyev ABŞ-ın Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Dekabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyanın Orta Asiya üzrə regional direktoru Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, Komitə sədri Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin mövcud olduğunu və gömrük sahəsində də bu münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Komitə sədri Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində də ciddi islahatların həyata keçirildiyini və bu islahatlar nəticəsində daha çevik və dinamik gömrük xidmətinin formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizin tranzit potensialının artırılması, beynəlxalq ticarətin sürətli, təhlükəsiz və asan şəkildə həyata keçirilməsi məqsədilə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün gömrük sisteminin fəlsəfəsi nəzarətdən xidmətə doğru dəyişdirilib. Şəffaflığın təmin olunması, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə həyatakeçirilən tədbirlərdən bəhs edən Komitə sədri görülən işlərin nəticəsi olaraq cari ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ciddi nailiyyətlər əldə olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bu il ərzində Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb və bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq.

Səfər Mehdiyev ümidvar olduğunu bildirib ki, 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın bu sahədə beynəlxalq müstəvidə görülən işlərə mühüm töhfə olacaq.

Vilyam Varen səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi istiqamətində həyata keçirilən tədbirləri, əldə edilən nailiyyətləri yüksək qiymətləndirib. O da vurğulanıb ki, Bakı şəhərində keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti