...

Yüksək keyfiyyətli ali təhsil ocağı – “UNEC-100”

Cəmiyyət Materials 24 Yanvar 2019 17:04 (UTC +04:00)

Bakı. Trend:

2030-cu ilədək dövrü əhatə edən “UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri yüksək keyfiyyətli ali təhsil ocağına çevrilməkdir.

Universitetdən Trend-ə verilən məlumata görə, strategiyaya əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu məqsədə nail olmaq üçün yüksək bal toplayaraq universiteti seçən abituriyentlərin sayını artırmağı, orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini daim təkmilləşdirməyi, akademik heyətinin peşəkarlıq səviyyəsini və 40 yaşadək professor-müəllim heyətinin payını davamlı yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd və yataqxana ilə təminolunma imkanlarını artırmağı, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib.

Sənəddə hər bir hədəfə nail olmaq üçün stratefi fəaliyyətlər əks olunub. Ölkədə orta təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin ilkin iqtisadi biliklərinin formalaşdırılmasına dəstək verilməsi, təhsil proqramları ilə bağlı tanıtım tədbirlərinin genişləndirilməsi, baza məktəblərinin sayınına artırılması UNEC-in strateji fəaliyyətləri kimi göstərilib.

2030-cu ilə qədər tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi hədəfləyən UNEC bu istiqamətdə də əsas fəaliyyətlərini müəyyən edib. Belə ki, həmin dövrədək ixtisaslar, tədris standartları və planlarının dünya təcrübəsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması, müəllimin tələbə tərəfindən seçiminin təmin edilməsi, aktiv dərs yükünün və hər müəllimə düşən tələbə sayınının 1/16 nisbətinə qədər azaldılması nəzərdə tutulub.

Strategiyaya görə, ixtisas fənlərinin tədrisində effektivliyi təmin etmək, tədrisin informasiya təminatını yaxşılaşdırmaq, Azərbaycan dilində tədris resurslarını inkişaf etdirmək, 24/7 kitabxana şəbəkəsi qurmaq, mentorluq institutu formalaşdırmaq, tələbələrin İKT, akademik yazı və natiqlik bacarıqlarını inkişaf etdirmək, mübadilə proqramlarına daha çox müəllim və tələbə cəlb etmək, innovativ təlim metodlarından istifadəni genişləndirmək, tələbələrin təcrübəsinin təşkilini təkmilləşdirmək, “oriyentasiya günləri”nin səmərəliliyini artırmaq əsas fəaliyyət istiqamətləri kimi təsbit olunub.

UNEC 100 illik yubileyinədək ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərən Distant Təhsil Mərkəzi formalaşdıraraq, ümumi fənlərin distant tədrisini, eləcə də distant təhsil proqramlarını təklif etməyi də hədəf seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti