Bakı. Trend:
Prezident İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında 2019-cu ildə Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi geniş miqyasda qeyd olunmaqdadır.
Universitetdən Trend-ə verilən məlumata görə, ölkədə və xaricdə keçirilən çoxsaylı elmi, mədəni və kütləvi tədbirlərlə yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında da beynəlxalq səviyyədə qeyd olunacaq.
Bu məqsədlə, həmin gün rəsmi tədbir və sərgi təşkil olunacaq, konsert veriləcək. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini özündə dolğun şəkildə əks etdirəcək video-çarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək.
Yubileydə Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcəklər.
Qeyd edək ki, UNESCO-nun İcra Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və 2019-cu ildə yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.