Bakı. Cani Babayeva -Trend:
"EYOF Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar gözəl keçir.
Bunu Trend-ə tamaşaçı Anna Nadeykina deyib.
O deyib: "İlk dəfə Milli Gimnastika Arenasında yarışları izləyirəm. Mən zalı çox bəyəndim, heyranam. İdmançılarımız bizim qürurumuzdur. Onların çıxışlarından böyük zövq aldım. Azərbaycan gimnastlarına böyük uğurlar və qələbələr arzulayıram"
Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib.
İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.
Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.
Xatırladaq ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.
Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.
XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.