...

Endokrinoloji Mərkəz: Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədir

Cəmiyyət Materials 15 Noyabr 2019 15:52 (UTC +04:00)
Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədirlər.
Endokrinoloji Mərkəz: Azərbaycanda valideynlər  çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda valideynlər çox vaxt övladının şəkərli diabet xəstəsi olmasını gizlədirlər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edərkən deyib.

Valideynlər arasında belə təfəkkürün formalaşmasına təəssüflənən B.Salek bu stiqmanın gənc nəslin sağlamlığına mənfi təsir etdiyini söyləyib:

"Valideynlər fikirləşirlər ki, kimsə onun övladının şəkərli diabet olduğunu bilsə, qızlarını almazlar və ya oğlanlarına qız verməzlər. Bu, səhv fikirdir. Elə xəstələrim olub ki, onlar şəkərli diabet olduğunu bildikdən sonra mənə deyiblər ki, bu barədə həyat yoldaşıma heç nə deməyin. Özlərinə gizlicə insulin vuran, bunu ailəsinə açıqlamayan cavan qadınlar var".

B.Salek əlavə edib ki, bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var: "Yəqin bir bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var. Çünki II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət bundan xəbərsiz olurlar. Ona görə də həmin xəstələr qeydiyyata düşmürlər".

B.Salek qeyd edib ki, hələ iki il əvvəl şəkərli diabeti olan uşaqların qeydiyyata alınmasına yardım göstərməsi məqsədilə Təhsil Nazirliyinə müraciət ediblər.

Məktəblərdə valideynlərin və müəllimlərin bu sahədə məlumatlı olması üçün Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra bu sahədə ciddi irəliləyiş əldə olunub.

Mərkəz rəsmisi bildirib ki, bu ilin 9 ayı ərzində ölkədə şəkərli diabet xəstələrinin sayı 265 min nəfərə (keçən il 255 min) çatıb. Ölkə üzrə şəkərli diabeti olan uşaqların sayı 1800-dən artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti