...

Bolqarıstanda KİV-ləri Azərbaycanın şəhidlərinə həsr olunmuş anım mərasimdən yazıb (FOTO)

Cəmiyyət Materials 22 İyul 2020 12:03 (UTC +04:00)
Bolqarıstanda KİV-ləri Azərbaycanın şəhidlərinə həsr olunmuş anım mərasimdən yazıb (FOTO)

Bakı. Trend:

Bolqarıstanın Sofiya şəhərində Tovuz bölgəsində vətən uğrunda canlarını qurban vermiş Azərbaycan şəhidləri üçün anım mərasimi keçirilib. Tarixi “Banyabaşı” məscidində baş tutmuş mərasim Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Bolqarıstan Respublikasının Müsəlmanlar Dəyanəti Baş Müftülüyünün himayəsi ilə keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimində Bolqarıstan Müsəlmanlarının Baş müftisi Mustafa Hacı və İslam Şurasının sədri Vedat Əhməd başda olmaqla, Baş Müftilik və Səfirliyin təmsilçiləri, türk və müsəlman icmasının nümayəndələri iştirak ediblər. Quranı-Kərimdən hissələrin oxunduğu mərasimdə ibadətə gələnlərlə birgə namaz qılınıb və Baş müfti Mustafa Hacı şəhidlər üçün dua oxuyub. Sofiyada yaşayan fərqli millətlərdən çox sayda müsəlmanın iştirak etdiyi dini mərasimin ardınca şəhidlərin ruhuna ehsan verilib.

Mərasim keçirilməsi türk və müsəlman icması tərəfindən maraqla izlənilib. Bolqarıstanda geniş oxucu auditoriyasına malik “Kırcalihaber” qəzetinin və “Ajans Bolqarıstan” portalının internet səhifəsində mərasim barədə xəbər yayımlanıb və erməni təxribatı haqqında məlumat verilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri bölmələrinin 12 iyul 2020-ci ildə Azərbaycan əsgərlərinə hücumundan sonra başlayan qarşıdurmalar getdikcə şiddətlənib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi açıqlamaya istinadən Ermənistan ordusunun Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silah və minaatanlarla atəşə tutduğu qeyd olunaraq Azərbaycan ordusunun verdiyi şəhidlər barədə vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın hücumları ilə bağlı verdiyi vacib mesajlara toxunulan xəbərlərdə Azərbaycan tərəfindən həyata keçirilən cavab tədbirlərinə diqqət yetirilib. Bölgənin çox strateji əhəmiyyətə malik olması qeyd olunaraq Ermənistanın bu bölgəni ikinci cəbhə hesab etdiyi bildirilib.

Daha sonra təxribatın səbəblərinə toxunularaq Ermənistanın “Kovid-19” ilə mübarizədəki uğursuzluğu və bu vəziyyətin yaratdığı daxili siyasətdəki iğtişaşların bu dövləti gündəmi dəyişdirməyə məcbur etdiyi bildirilib. Ardınca beynəlxalq miqyasda Azərbaycanın haqq işinə göstərilən dəstəyə yer verilib. Qeyd olunub ki, Ermənistanın təcavüzünə qarşı ən qəti reaksiya Türkiyədən gəlib. Pakistan Ermənistanın hücumlarını sərt şəkildə qınayıb və Azərbaycana dəstəyini ifadə edib. Ukrayna və Moldova münaqişənin Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurası məlum qətnamələri və beynəlxalq hüququn əsas prinsipləri, xüsusilə ərazi bütövlüyü tələbinə uyğun olaraq həll edilməli olduğunu bildirib. ABŞ, İngiltərə və digər Qərb ölkələri tərəfləri təmkinli çağırıblar.

Sonda isə qeyd olunub ki, Azərbaycanın əraziləri (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafındakı 7 rayon) Ermənistanın işğalı altındadır. Bu vəziyyət həm beynəlxalq hüquqa, həm də iki ölkənin mövcud hərbi, diplomatik, iqtisadi və digər imkanlarına uyğun deyil. Başqa sözlə, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ çərçivəsində öz ərazilərini Ermənistan işğalından azad etmək hüququna və imkanına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti