...

Mədəniyyət xadimləri Ermənistanın törətdiyi təxribatla əlaqədar xalqa müraciət etdilər

Cəmiyyət Materials 28 Sentyabr 2020 15:04 (UTC +04:00)
Mədəniyyət xadimləri Ermənistanın törətdiyi təxribatla əlaqədar xalqa müraciət etdilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə bağlı mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən xalqımıza müraciət ünvanlanmışdır.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətdə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatın Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılandığı, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılığı və təcavüzkarlığı pislənilmişdir.

Sentyabrın 28-də bir qrup memar və incəsənət xadimi də eyni məzmunda müraciətlə çıxış edib. Müraciətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xalqımızın qədim memarlıq abidələrini, mədəniyyətimizin ən yüksək nümunələrinin saxtalaşdırıldığı və məhv edildiyinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi ifadə edilərək, belə bir həssas zamanda mənfur düşmənin dövlətimizə qarşı aktiv və təxribatçı informasiya müharibəsi apardığı diqqətə çatdırılır. Qeyd olunur ki, ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxaraq, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.

Müraciətdə daha sonra deyilir:

- Biz Azərbaycan mədəniyyətinin təmsilçiləri hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.

Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.

Tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.

Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti