...

Cəbhə bölgəsində həssas qruplarla bağlı yeni layihəyə başlanıb (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2020 12:31 (UTC +04:00)
Cəbhə bölgəsində həssas qruplarla bağlı yeni layihəyə başlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin İnkişaf Proqramı ilə birlikdə “Azərbaycanın Füzuli, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlığının təmin edilməsi” layihəsinin başlanması ilə bağlı videokonfrans keçirib.

Trend-in məlumatına görə, komitə sədri Bahar Muradova rəhbərlik etdiyi qurumla BMT-nin İnkişaf Proqramı arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib və bu layihənin uğurla icra olunacağına əminliyini ifadə edib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında təxminən iki ay davam edən müharibə 100 mülki vətəndaşın həyatını itirməsi və yüzlərlə insanın yaralanması, psixoloji travma alması, eyni zamanda onların yaşamaq üçün əsas vasitələrdən məhrum olması ilə nəticələnib: "Dövlət tərəfindən vəziyyətin ilkin qiymətləndirilməsi və hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin hesablanması istiqamətində müvafiq iş aparılır. Qeyd olunub ki, əhalinin həssas təbəqəsini təşkil edən qadınlar, uşaqlar və əlilliyi olan şəxslərin çətinliklə mübarizə apardığı bir vaxtda COVİD-19 pandemiyası bu çətinliyi daha da ağırlaşdırır. Yeni layihə nəinki qadınlara, müharibədən zərər çəkən hər kəsə, o cümlədən uşaqlara və əlilliyi olan şəxslərə də yardım göstərəcək. Layihə çərçivəsində müharibə zamanı zərər çəkmiş şəxslərə sosial-iqtisadi dəstək, o cümlədən qazanc imkanlarının artırılması, psixoloji və biznes məsləhətləri xidmətlərinin göstərilməsi təmin ediləcək".

Daha sonra çıxış edən BMT İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti bildirib ki, yeni model layihə həm qadınlara, həm də müharibə zamanı zərər çəkmiş digər həssas qruplara köməklik göstərəcək. Onun sözlərinə görə, yeni layihə bu il Komitə ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq sayca ikinci layihə olacaq.

Layihə barədə ətraflı məlumat verən BMT-nin İnkişaf Proqramının proqram üzrə müşaviri Leyla Fəthi bildirdi ki, layihə erkən bərpa və icma dayanıqlığı proqramının bir hissəsi olaraq, müharibənin ciddi təsirinə məruz qalmış 3 rayonda- Füzuli, Ağcəbədi və Tərtərdə “İcma Resurs Mərkəzləri” yaratmaqla ən həssas təbəqələrə xidmətlər göstərməyi hədəfləyir. İcma Resurs Mərkəzlərinin formatı BMT-nin İnkişaf Proqramı tərəfindən 2011-ci ildən bəri uğurla həyata keçirilmiş və hazırda 10 bölgədə qadınlar üçün məşğulluq və özünüməşğulluq dəstək xidmətləri ilə aktiv şəkildə fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri modelinə əsaslanır. Hər üç mərkəzin xidmətindən ətraf bölgələr, xüsusən də Bərdə, Ağdam rayonları da faydalana bilər. Mərkəzlər icmaların ən vacib ehtiyaclarının müəyyənləşdirilməsinə kömək edəcək, həmçinin qadınlar, uşaqlar və əlilliyi olan şəxslərə yaşayış, psixososial və məşğulluq üzrə məsləhət xidmətləri də daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsini təmin edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti