...

İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı

Cəmiyyət Materials 27 Fevral 2021 19:40 (UTC +04:00)
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı

Bakı. Trend:

Dünən İndoneziyanın paytaxtı Cakarta şəhərində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, “İndoneziya İslam tarixi və irsinin İslam sivilizasiyasına təsiri” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunan xüsusi anım mərasimində universitet müəllimləri, tələbələr, tədqiqatçılar, gənclər təşkilatları nümayəndələri, yerli idarəetmə orqanları nümayəndələri və gənc hüquq müdafiəçiləri iştirak ediblər. Anım mərasimi və seminar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə İndoneziya İƏT Gəncləri təşkilatı və İndoneziya Milli Gənclər Şurası tərəfindən təşkil olunub.

Tədbirin açılış hissəsində İndoneziya Milli Gənclər Şurasının sədri Tantan Taufiq Lubis, İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, İndoneziya İƏT Gəncləri təşkilatının sədr müavini Mauliza Effendi və Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyinin əməkdaşı İntiqam Hüseynov çıxış ediblər. Mərasimə video bağlantı ilə qoşulan Elməddin Mehdiyev İndoneziyalı gənclərə Xocalı faciəsinin İndoneziyada və dünyada tanıdılması ilə bağlı 10 ilə yaxın zamanda fəal şəkildə iş apardıqları üçün təşəkkür edib. O, Xocalı cəlladlarının mühakimə edilmələri yerinə ermənilər tərəfindən qəhrəmanlaşdırılmasının və Xocalı soyqırımının inkar edilməsinin regionda dayanaqlı və əsaslı sülh üçün maneə olduğunu bildirib. 2013-cü ildən İndoneziyada Xocalıya Ədalət kampaniyasının fəal üzvü olan İndoneziya Milli Gənclər Şurasının sədri Tantan Taufiq Lubis çıxışında Xocalı kimi dəhşətli bir qətliamın unudulmaması və bütün müsəlman coğrafiyasında lazımi şəkildə tanıdılması üçün səylərini əsirgəməyəcəklərini və hər zaman Azərbaycan xalqı ilə birlikdə olacaqlarını vurğulayıb.

Sonra, Xocalıya Ədalət kampaniyası tərəfindən hazırlanan “Xocalı Nişanəsi” adlı qısa sənədli film nümayiş olunub, Xocalı qurbanlarının xatirəsinə Quran oxunub və dualar edilib.

Sonda tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən foto sərgi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti