...

COVAX-ın vaksinlərlə bağlı qeyri-obyektivliyi qətiyyən qəbuledilməzdir - Deputat

Cəmiyyət Materials 25 Mart 2021 23:26 (UTC +04:00)
COVAX-ın vaksinlərlə bağlı qeyri-obyektivliyi qətiyyən qəbuledilməzdir - Deputat

Trend-i buradan izləyin

Bakı. Trend:

Hazırda beynəlxalq miqyasda ən çox müzakirə olunan mövzulardan biri yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin aparılmasıdır. İndiki mərhələdə COVID-19-a qarşı peyvəndləmə aparılması təhlükəli xəstəliyin yayılması ilə mübarizədə ən səmərəli vasitədir. Məhz bu məqsədlə də ayrı-ayrı ölkələrdə vaksinasiya prosesinə start verilib. Azərbaycanda da vaksinasiya prosesinə əvvəlcədən zəruri hazırlıq işləri görülüb. Cari il yanvarın 18-də isə respublikamızda ilk peyvəndləmə həyata keçirilib. Beləliklə, respublikamız Cənubi Qafqazda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə başlayan ilk ölkə olub.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirb ki, Azərbaycanın vaksinasiya prosesinə erkən mərhələdə başlaması ölkəmizdə insanların sağlamlığının qorunmasına, xəstəliyin yayılma zəncirinin qırılmasına dövlət səviyyəsində ciddi önəm verilməsinin daha bir təzahürüdür:”Ümumiyyətlə Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu məsələyə kifayət qədər həssas yanaşma sərgiləyir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı COVID-19-a qarşı səmərəli mübarizə aparan nümunəvi ölkə kimi dəyərləndirib. Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesində Çin istehsalı olan vaksinlərdən istifadə edilir. Qeyd edək ki, Azərbaycan indiyədək 4 milyon doz vaksin sifariş etmişdi və həmin vaksinlərin ölkəmizə gətirilməsi təmin edilib. Bundan başqa, ölkəmizə vaksinlərin yeni həcmlərinin gətirilməsi ilə bağlı danışıqlar da aparılır. Eyni zamanda, respublikamız COVAX təşəbbüsünün üzvüdür və COVAX xətti ilə də müxtəlif vaksinlər ölkəmizə gətirilməlidir”.

Vüqar İskəndərov əlavə edib ki, COVİD-19 pandemiyası başladıqdan etibarən onunla mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri məhz Azərbaycan olub. Ölkəmiz bu istiqamətdə bir sıra dəyərli təşəbbüslərlə çıxış edib. Xüsusilə də qeyd etmək yerinə düşər ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçən ilin dekabrında BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası uğurla keçirilib və bu, beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib.Eyni zamanda respublikamız ÜST-ə iki tranşda 10 milyon dollar ianə edib və 30-dan çox ölkəyə dəstək göstərib.

Azərbaycan, həmçinin vaksinlərin dünya üzrə ədalətli bölüşdürülməsinin tərəfdarıdır. Ölkəmizin mövqeyi belədir ki, vaksinləri yalnız imkanlı, varlı dövlətlər əldə etməməlidirlər. Burada kasıb ölkələrin də mənafeləri nəzərə alınmalı və peyvənd onlara da çatdırılmalıdır. Yeri gəlmişkən, bu il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə BMT-nin üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır”.

“Göründüyü kimi Azərbaycan COVİD-19-a qarşı vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Lakin təəssüflər olsun ki, bu prosesin ilk günündən pandemiyaya qarşı mübarizədə ön sırada olan, vaksinlərin ədalətli və bərabər bölgüsü üçün beynəlxalq səviyyədə uğurlu fəaliyyəti ilə seçilən Azərbaycan ədalətsizliyə və ikili standartlarla yanaşmaya məruz qalır. Söhbət COVAX tərəfindən son günlər ölkəmizə qarşı sərgilənən anlaşılmaz mövqedən gedir. Belə ki, COVAX öncədən razılaşdırılmış qaydada vaksinlərin ölkəmizə təhvil veriləcəyini bildirsə də, artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq hələ də bu vədə əməl edilmir. Bu azmış kimi son günlər COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Bəlkə də bunu müəyyən mənada anlayışla, sifarişlərin çoxluğu ucbatından ləngimənin, yaxud azalmanın olmasını normal qarşılamaq olardı. Lakin COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlərin çatdırılması Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradır. Çünki bu cür yanaşma qeyri-ciddidir və nəticədə ölkəmizdə COVAX-a olan etibarı heçə endirir. Yəni, son hadisələr sanki vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verildiyi qənaətini formalaşdırır. Yəni, pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım göstərən Azərbaycana qarşı ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX –ın bu yanaşması qətiyyən qəbuledilməzdir” deyən deputat onu da əılavə edib ki, hər zaman fors-major situasiyalara hazır olan Azərbaycan dövləti bu dəfə də müsbət mənada fərqlənir. Belə ki, Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti