...

Övladlarımın hansı oxumağa meyil göstərsə, var gücümlə arxasında dayanacam - usta ilə söhbət (FOTO)

Cəmiyyət Materials 6 İyul 2021 14:03 (UTC +04:00)
Övladlarımın hansı oxumağa meyil göstərsə, var gücümlə arxasında dayanacam -  usta ilə söhbət (FOTO)

Bakı. Trend:

Yeniyetmə yaşlarından tikintidə işləməyə başlayıb. “Məktəbi bitirəndən sonra təxminən 3 il fəhlə işlədim, tez bir zamanda bu işi mənimsədim və usta kimi işləməyə başladım” deyir.

Həmsöhbətimiz Şamaxıdan olan usta Vüqar Manafovdur. 40 yaşı var. 18 yaşından bu sahədə işləyir. Demək olar ki, artıq 20 ilə yaxındır tikintidə peşəkar usta olaraq “külüng vurur”.

Vüqar ustanın ali təhsil almaq istəyi olub. Lakin həmin dövrlər çətinliklər çox olduğu üçün orta təhsil illərində müəyyən problemlər yaşayıb: “Oxumağa imkan olmadı. Sonra fikirləşdim ki, hansı sahədə öz əlim, öz başım ilə yaxşı pul qazana bilərəm. Bir neçə başqa işlərdə işlədim, gördüm yox, alınmır. Sonra başladım fəhləliyə. Məndə götürmə qabiliyyəti yüksəkdir. Bir layihəyə bir dəfə baxım bəs edir, oxuyub öyrənməyə xüsusi vaxt ayırmaq lazım olmur. Həvəsim də vardı, iradəm də kömək oldu, bu sənəti öyrəndim. Mən ustalığı öyrənmək niyyətilə fəhləlik etdim və axırda yaxşı nəticə əldə etdim. Suvaq və beton işindən başladım, öyrəndim. Hazırda alçıpan və rəngsazlıq işləri görürəm. ”.

Həmsöhbətimiz digər həmkarlarından fərqli olaraq briqada şəklində işləməyi xoşlamır. “Ya tək, ya da uzağı 2-3 nəfər işləyirik. Amma daha çox tək işləməyə üstünlük verirəm” deyir. İşini səliqəli gördüyü üçün müştəri də çox olur. Ona görə də Vüqar usta işsizlikdən şikayətlənmədi.

Bəzi işlər də var ki, onları “xırda iş” hesab etdiyi üçün girişmir: “Alçıpan işində son vaxtlar bəzəklərə çox yer verilir. Xırda və bezdirici işdir, amma onun da ustaları var. Məsələn, mən götürdüyüm işə böyük ev, obyekt inşası və təmiri daxildirsə, elə ustalardan çağırıram alçıpanla bəzək işini görməyə. Qalan bütün işləri özüm edirəm”.

Şamaxıda tikinti və təmir işlərinin aparılmasına koronavirus səbəbindən məhdudiyyətlər qoyulmayıb. Lakin, V.Manafovun sözlərinə görə, iş olsa da, özləri işləməyi marta qədər təxirə salıblar. Məqsəd istirahət etməkdir.

Həmsöhbətimizin 2 oğlu bir qızı var. Oğlanlarının biri idmana meyillidir. Bir oğlu isə serebral iflic xəstəsidir: “Hansı oxumağa meyl göstərsə var gücümlə arxasında dayanacam”.

Vüqar usta da digər həmkarları kimi işğaldan azad olunan ərazilərdə işləməyə hazırdır. Lakin deyir ki, həmin ərazilərdə işləyən ustalar üçün iş şəraiti yaradılmalıdır: “Evdə ailəyə baxan yeganə adam mənəm. Başıma bir iş gəlsə onlar başsız qalarlar. Ona görə də harda olur-olsun işləmək üçün ilk öncə şəraitin olmasını istəyirəm”.

Qeyd edək ki, Vüqar usta Norm Ustalar Klubunun üzvüdür. Norm Ustalar Klubu “Norm” şirkəti tərəfindən 2016-cı ildə inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti