Bakı. Çingiz Səfərli - Trend:
Vətən Müharibəsi Qəhrəmanlarına gəlir vergisi güzəştinin tətbiq edilməsi müsbət addımdır və bu, onların sosial təmanatının gücləndirilməsinə xidmət edəcək.
Bunu Trend-ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu addım Vətən Müharibəsi Qəhrəmanlarına göstərilən qayğının davamı kimi xarakterizə edilməlidir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, Vətən Müharibəsi Qəhrəmanları gəlir vergisindən güzəştlərə malik olacaq. Belə ki, Vergi Məcəlləsinin 102.2 maddəsinə əsasən, Vətən Müharibəsi Qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq. Əvvəllər Azərbaycan Milli Qəhramanlarının və digər kateqoriyadan olan vətəndaşların belə güzəşt hüququ var idi. Dəyişikliyə əsasən, artıq Vətən müharibəsi Qəhrəmanlarının da həmin güzəştlərdən istifadə etmək hüququ olacaq. Nəticə etibarı ilə bu, onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Nəzərə alsaq ki, Vətən Müharibəsi Qəhrəmanlarının bir qismi əmək fəaliyyətlərini davam etdirirlər, bu kontekstdə onların gəlir vergisindən azad olunması aylıq gəlirlərinin artmasına gətirib çıxaracaq".
Millət vəkili əlavə edib ki, hazırda Azərbaycanda həm şəhid ailəsi üzvlərinin, həm də qazilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif proqramlar icra edilir: "Bu istiqamətdə şəhid ailələri ilə bağlı 20, Qarabağ qaziləri ilə bağlı 12 proqram icra olunur. Vətən Müharibəsi Qəhrəmanlarının vergi güzəştlərindən istifadə hüququ da bu layihələrin davamıdır".
Qeyd edək ki, Prezident İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən, 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Onlardan 49 nəfəri sağlığında, 34 nəfəri isə ölümündən sonra bu ada layiq görülüb.