...

27 sentyabrın Anım Günü kimi qeyd edilməsi şəhidlərimizin müqəddəs ruhuna ehtiramın bariz nümunəsidir

Cəmiyyət Materials 27 Sentyabr 2021 19:21 (UTC +04:00)
27 sentyabrın Anım Günü kimi qeyd edilməsi şəhidlərimizin müqəddəs ruhuna ehtiramın bariz nümunəsidir

Bakı. Trend:

Tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən Müharibəsinin başlanmasından bir il keçir. Müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazılması ilə xarakterizə olunan bu dövr Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin şah əsəri hesab olunur. Məhz 2020-ci ilin 27 sentyabr tarixində düşmənin növbəti təxribatlarına cavab olaraq “Dəmir Yumruq” əməliyyatlarına start verildi.

30 ilə yaxın müddətdə düşmən tapdağında olan tarixi torpaqlarımız Ali Baş Komandanımızın böyük siyasi iradəsi və yüksək məharəti, şəhidlərimizin qanı, qazilərimizin canı, əsgərlərimizin şücaəti və xalqımızın həmrəyliyi sayəsində işğaldan azad edildi. Faktiki olaraq, xain düşmən Azərbaycanın hərbi qüdrəti və siyasi əzəməti qarşısında diz çökdü.

Qədirbilən Azərbaycan xalqı ərazi bütövlüyümüzün təmin olunması yolunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn mərd oğullarımızın əziz xatirəsini böyük hörmət və dərin ehtiramla yad edir. Əzəli torpaqlarımızı erməni vandalizminin əsirliyindən xilas edən şəhidlərimizin adının əbədiləşdirilməsi və onların göstərdiyi qəhrəmanlıqların təbliği sahəsində dövlətimiz tərəfindən reallaşdırılan kompleks tədbirlər qürurvericidir.

Hesab edirik ki, 27 sentyabr tarixinin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi və bu çərçivədə atılan sistemli addımlar şəhidlərimizin müqəddəs ruhuna ehtiramın və qazilərimizin şücaətinə verilən dəyərin bariz nümunəsidir. Əminik ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki, şəhidlərimizin uğrunda canlarından keçdikləri torpaqlarda hazırda həyat yenidən qurulur, müstəqil Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli dirçəliş işləri aparılır.

İnanırıq ki, bu gün müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin də ruhu şaddır. Bu baxımdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu günlərdə səsləndirdiyi aşağıdakı fikirlər həm qürurverici, həm də təsirlidir: “Şuşa azad ediləndə Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum. Mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir”.

Qarabağ Azərbaycandır!

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti