...

Ermənistanın dinc əhaliyə hücum edərək Azərbaycan cəmiyyətində təşviş yaratmaq cəhdi fiaskoya uğradı - Hərbi ekspert

Cəmiyyət Materials 8 Oktyabr 2021 09:46 (UTC +04:00)
Ermənistanın dinc əhaliyə hücum edərək Azərbaycan cəmiyyətində təşviş yaratmaq cəhdi fiaskoya uğradı - Hərbi ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Bərdəni ağır artilleriyadan atəşə tutmasından bir il ötür. Həmin vaxt düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar olub.

Hərbi ekspert Ədalət Verdiyev Trend-ə bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ard-arda məğlubiyyətə uğrayan Ermənistan ordusu Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərini, mülki əhalini və obyektləri qadağan olunmuş silahlarla atəşə tutmaqla xalq arasında təşviş yaratmaq, Azərbaycan tərəfdən əks-hücum əməliyyatlarının dayandırılmasına nail olmaq istəyirdi, lakin göründüyü kimi bu çirkin addımlar heç bir effekt vermədi:

“Bu xain hücumlar nəticəsində insanlarımız övladlarını, yaxınlarını, evlərini itirsələr belə heç bir halda müharibənin dayandırılmaması, əksinə, əks-hücum əməliyyatlarının sona qədər aparılması üçün hakimiyyət qarşısında bir sosial sifariş formalaşdırdı.

Ermənistan hərbi-siyasi rəhbərliyinin planlaşdırdığı çirkin əməllər tamamilə fiaskoya uğradı”.

Ekspert bildirib ki, məhz ermənilərin dinc əhaliyə hücumlarından sonra hərbi komissarlıqlar qarşısında könüllü döyüşə getmək üçün növbələrin sayı daha da çoxaldı:

“Bu isə Azərbaycan xalqının Qarabağ məsələsində nə qədər yekdil olduğu və Ali Baş Komandanın və ordumuzun ətrafında nə qədər sıx birləşdiyinin bariz nümunəsidir”.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti