...

Son altı ayda 31 iş vətəndaşın xeyrinə məhkəmədənkənar həll edilib - DSMF rəsmisi

Cəmiyyət Materials 2 Noyabr 2021 12:47 (UTC +04:00)
Son altı ayda 31 iş vətəndaşın xeyrinə məhkəmədənkənar həll edilib - DSMF rəsmisi

Bakı. Çingiz Səfərli - Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı yaranandan məhkəmələrin fondun lehinə qəbul etdikləri qərarların sayı 82,3 faizə yüksəlib.

Trend xəbər verir ki, bunu "Sosial saat" verilişində çıxışı zamanı DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov deyib.

O bildirib ki, qurum yarandıqdan sonra məhkəmə işlərini həm işəqəbul prosesinə uyğun, həm də bölgələr üzrə bütün şöbələrdən təhvil alıb:

"Bunları sonradan inzibati regionlar üzrə qruplaşdırdıq. Necə ki, Azərbaycanda 5 inzibati məhkəmə var: Bakı, Sumqayıt, Gəncə, Şəki və Şirvan. İlk olaraq Bakıdan başladıq və mərhələli şəkildə bütün regionları qəbul etdik. Bundan sonra özümüz üçün statistika apararkən məlum oldu ki, işə peşəkar yanaşma, verilmiş imtinaların düzgün müdafiəsi nəticəsində fondun lehinə olan göstərici 82,3 faizə yüksəlib".

A.Mütəllimov bildirib ki, burada məqsəd qərarların sadəcə fondun xeyrinə edilməsinə çalışmaq deyil. Həmçinin məhkəmə prosesi zamanı vətəndaşların haqlı olduğunu gördükdən sonra onların problemləri də məhkəmədənkənar həll olunub:

"Bəzən hansısa vətəndaşa təyinat apararkən onun iş yerini müəyyənləşdirmək mümkün olmadığı üçün imtina cavabı verilir. Biz məhkəmələrdə belə hallarla rastlaşırıq. Araşdırarkən məlum olur ki, vətəndaş həqiqətən də filan iş yerində çalışıb və arxivdə də bununla bağlı məlumat var. Belə olduqda, biz özümüz təşəbbüs göstərərək imtina verən quruma müraciət edirik ki, vətəndaş haqlıdır və bu məsələni məhkəmədən kənar həll edə bilərik. Son 6 ayda sırf məhkəmədə gedən işlər üzrə 31 iş tərəfimizdən məruzə olunaraq vətəndaşın xeyrinə məhkəmədənkənar həll edilib. Buna uyğun olaraq da vətəndaşlara təyinat aparılıb".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti