...

Autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi məqsədilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2022 19:07 (UTC +04:00)
Autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi məqsədilə tədbir keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində autizmlə bağlı məlumatlandırma, autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması, inteqrasiya imkanlarının artırılması məqsədilə “Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə hökumət üzvləri, Ombudsman, dövlət təşkilatlarının rəhbər şəxsləri, millət vəkilləri və QHT-lər, tanınmış incəsənət xadimləri, autizm sindromlu uşaqların iştirak etdiyi tədbirin ilk hissəsində yeni yaradılan inklüziv simli kvartetin ifasında klassik musiqilər səsləndirilib. Autizmli uşaqların DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırladıqları rəsm əsərlərindən və keramika məhsullarından ibarət sərgi-satışı təşkil edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların, o cümlədən autizmli uşaqların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasına nail olunması üçün aparılan fəal dövlət siyasətindən bəhs edib. Nazir Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə ötən ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyətə malik ilk ən böyük inklüziv məkan olduğunu vurğulayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın autizmli uşaqlara qayğının artırılmasına xidmət edən humanist təşəbbüs və layihələrini diqqətə çatdırıb.

Həssas qrupların sosial təminatından bəhs edən S.Babayev bildirib ki, xüsusən son 4 ildə autizmli uşaqlar daxil olmaqla sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial ödənişlərdə 3,4 dəfə artım edilib, onlara qulluq edən şəxslər üçün təqaüd təsis edilib, məbləği də artırılıb.

Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub. Ötən il Qəbələdə yeni Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib, bu il Şəmkirdə də belə bir mərkəz açılmaqla, həmin mərkəzlərin sayı 4-ə çatacaq. Növbəti illərdə digər rayonlarda uşaq reabilitasiya mərkəzləri, Xəzər dənizi sahilində sanator-kurort tipli bərpa mərkəzləri açılacaq.

S.Babayev sağlamlıq imkanları məhdud, o cümlədən autizmli uşaqlarla bağlı reabilitasiya yönümlü sosial xidmət layihələrini qeyd edib. Bu il də belə layihələrin daha da genişlənərək 150-dən çox olacağını, sosial və reabilitasiya xidmətlərinin autizm, daun sindromlu və digər xüsusi inkişaf özəllikləri olan insanları da əhatə etdiyini bildirib.
Nazir yeni innovativ layihələri (“Övladını tanı” mobil tətbiqi, valideynlər üçün “Autizm dərs” mobil proqramı və s.), autizmli uşaqlara göstərilən səyyar sosial reabilitasiya xidmətlərini, bu il sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyaya cəlb olunması üçün daha 2 mərkəzin açılacağını, himayədar ailə modelinin tətbiqinə hazırlıq işlərini də diqqətə çatdırıb.

Bu günkü tədbirin mühüm önəm kəsb etdiyini deyən S.Babayev autizm sindromlu şəxslərə diqqət və qayğını artırmaq, cəmiyyətə inteqrasiya imkanlarının genişlənməsinə nail olmaq üçün belə tədbirlərin ardıcıl və getdikcə daha əhatəli xarakter almasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə yeni yaradılan inklüziv kamera orkestrinin ifasında klassik əsərlər davam edib. Autizmli uşaqların iştirakı ilə inklüziv tamaşa, mərkəzin kapoeyra təlimçilərinin və benefisiarlarının iştirakı ilə səhnə, musiqili konsert proqramı təqdim edilib. Tədbirdə autizm spektrlı uşaqlar aparıcı qismində iştirak ediblər.
İştirakçılar Mərkəzin foyesində autizm sindromlu uşaqların Mərkəzdə hazırladıqları rəsm əsərlərinin və keramika məhsullarının, həmçinin hazırladıqları şirniyyat növlərinin satış-sərgisində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti